Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunun oyunlarına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, növbəti mərhələnin bütün iştirakçıları bəlli olub. 32 komandanın yer aldığı 8 qrupda təxminən 3 ay müddətində davam edən ali futbol yarışının son turu dramatik keçib.
"A" qrupunda öncədən bəlli olduğu kimi Fransanın "PSJ" və Madridin "Real" klubu növbəti mərhələyə vəsiqəni əldə edib. "Qalatasaray"ın son Avropa liqası ümidlərinin üstündən xətt çəkən "PSJ" öz meydanınında 5:0 qələbə qazanmaqla "aslanın" kürəyini yerə vurub. A qrupunun digər matçında "Brügge" "Real"ı qəbul edib. Qonaqlar bu oyundan qələbə ilə ayrılıb - 3:1.
"B" qrupunda "Bayern Münhen", "Tottenhem", "Srvena Zvezda" və "Olimpiakos" klubları arasında gedən yarış hamının gözlədiyi kimi almanlar və ingilislər lider olub. Avropa liqasına vəsiqəni son turda qələbə əldə edən "Olimpiakos" qazanıb.
C qrupunda pley-off uğrunda 3 komanda mübarizə aparırdı. Səfərdə "Şaxtyor"a 3 cavabsız qolla qalib gələn "Atalanta" növbəti mərhələyə yüksəlib. İtaliya klubu bununla tarixində ilk dəfə ÇL-in 1/8 finalında mübarizə aparmaq hüququ qazanıb. Növbəti mərhələyə yüksələn klub isə qrupda məğlubiyyət tanımayan "Mançestr Siti" olub.
D qrupunda isə ilk yeri "Yuventus", ikinci yeri "Atletiko" tutaraq pley-offa yüksəlib. Madrid təmsilçisi evdə Moskva "Lokomotiv"inə 2:0 hesabı ilə qalib gələrək bu vəsiqəni əldə edib.
E qrupunu "Liverpul" 1-ci, "Napoli" 2-ci, F qrupunu "Barselona" 1-ci, Dortmund "Borussiya"sı 2-ci, G qrupunu "Leyptsiq" 1-ci, "Lion" 2-ci, H qrupunu "Valensiya" 1-ci, "Çelsi" 2-ci pillədə başa vuraraq növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması 16 dekabr saat 15:00-da keçiriləcək. Avropa Liqasına yollanan 8 komanda isə "Brügge", "Olimpiakos", Donetsk "Şaxtyor", "Bayer" , "Salzburq", "İnter", "Benfika" və "Ayaks" olub.