SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Partiyalar seçkilərə necə gedirlər və nə gözləyirlər: əsas qələbədir, yoxsa..

Partiya sədrinin müşaviri bildirib ki, AVP çoxsaylı namizədlərlə seçkidə iştirak etməyi düşünür və seçki nəticələrində partiya olaraq ikinci yeri tutacağına inanır.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, dünən keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb. İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

"Standartlardan kənar qəbirdaşları vətəndaşları məsrəfə salır" - Fazil Mustafa

Sputnik Azərbaycan bir sıra siyasi partiyaların Milli Məclisə növbədənkənar seçkilərə necə hazırlaşdığını, seçkilər ilə bağlı gözləntilərini öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında vurğulayıb ki, növbədənkənar parlament seçkilərində iştirak bəyan edilib və partiya olaraq 65 namizəd irəli sürülüb, partiya seçkilərdə fəal iştirak edəcək: "Hazırda seçki dairələri üzrə müəyyən bölgülər aparırıq. Seçkilərdə hər halda partiya hansı istiqamətdə uğur qazana biləcəksə, daha çox ağırlığı həmin namizədlər üzərinə yönəldəcəyik. Ümid edirəm ki, partiyamız seçkilərdə fəal iştirak edəcək və müəyyən uğur qazanacaq. Mən də namizədliyimi irəli sürmüşəm və bu istiqamətdə partiyanın qərarı çıxıb, səlahiyyətli nümayəndələrimizi müəyyən etmişik. Artıq Mərkəzi Seçki Komissiyasına sənədlərimiz təqdim olunub. Demokratik və şəffaf seçkilər keçiriləcək. Hesab edirəm ki, əhalinin fəallığından çox şey asılıdır, seçicilərin fəallığı əsas rol oynayacaq. Seçicilər çalışmalıdırlar ki, bu prosesdə ciddi rol oynasınlar. Çünki seçicinin iradəsindən asılı olaraq parlament formalaşır".

"Ana Vətən Partiyası seçkidə iştiraka qərar verib. Hələlik namizədlərin siyahısının dəqiqləşdirilməsi işləri aparılır. AVP çoxsaylı namizədlərlə seçkidə iştirak etməyi düşünür və seçki nəticələrində partiya olaraq ikinci yeri tutacağına inanır". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müşaviri Jalə Mütəllimova bildirib.

Başlandı: Seçki sənədlərinizi təqdim edə bilərsiniz
"Respublikaçı Alternativ" (REAL) Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ötən ildən seçkilərə hazırlığa start veriblər: "Partiya olaraq 43 namizədimiz müəyyənləşib və partiya çərçivəsində bir neçə namizədin də dəqiqləşdirilməsi prosesi gedir. Amma dünən biz növbəti bir təşəbbüslə çıxış etdik. Cəmiyyətdə nüfuzu olan, ancaq heç bir partiya üzvü olmayan müstəqil şəxslər var və onlarla birgə "Real Cümhuriyyətçilər" bloku elan edildi. Bu blok getdikcə genişlənəcək və hər gün müstəqil şəxslər bu bloka daxil olacaq. Həmin müstəqil şəxslərlə birgə ümumilikdə təqribən 55-60 dairədən namizədimizin olması gözlənilir. Bu da bütün ölkə ərazisini əhatə edəcək. Əsas hədəfimiz seçki institutuna inamın bərpası, seçkilərdə daha çox vətəndaşın iştirakının təmin edilməsidir".

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə qeyd edib ki, partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək: "Partiyamızın hansı formatda seçkilərdə iştirak edəcəyi yaxın müddətdə müəyyən ediləcək və bununla bağlı mediaya məlumatlar veriləcək. Düşünürəm ki, yeni təfəkkürlər parlamentdə çoxluq təşkil etməli, parlament daha çox gənclərdən ibarət olmalıdır. Ümidvaram ki, parlament ölkədə həyata keçirilən islahatlara uyğun olaraq Azərbaycanın inkişafına xidmət edəcək. Düşünürəm ki, seçkilər normal keçiriləcək, artıq ölkədə müəyyən təcrübə formalaşıb".

Əli Əhmədov: "YAP-ın namizədlər siyahısında yeni və əvvəlki simalar olacaq"

Qeyd edək ki, dünən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə deyib ki, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyasını uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 5-də "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.