BAKI, 11 dekabr — Sputnik. ABŞ Senatının Beynəlxalq komitəsi S-400 sistemləri aldığına görə Türkiyəyə, Suriyaya kömək etdiyinə görə isə Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, sənədə görə, onun qəbulundan sonra 30 gün müddətində Dövlət katibi Pentaqon və Milli Kəşfiyyat İdarəsinin başçıları ilə birlikdə qanun qəbul olunan ərəfədə və sonrakı dövrdə "Suriya hökumətinin müdafiə planlarını dəstəkləyən əhəmiyyətli maddi, maliyyə və texniki yardımı bilərəkdən göndərən, ixrac edən və ya digər üsullarla göstərən" rusiyalıların siyahısını hazırlayaraq Senata təqdim etməlidirlər.
Bu şəxsləri ABŞ-ın Maliyyə Nazirliyinin sanskiya siyahılarına salacaqlar.
Prezidentin tələbi ilə milli təhlükəsizlik maraqları çərçivəsində siyahıdan müvəqqəti çıxarılmalar mümkündür.
Ankaranın S-400 komplekslərini alması sənəddə "Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə əks-təsir haqda" qanunun tətbiqi üçün səbəb kimi qiymətləndirilib.
Qanun layihəsi Amerika silahının Türkiyəyə satışını qadağan edir və Ankaranın Suriyadakı hərbi əməliyyatları üçün silah tədarükünə cavabdeh olan rəsmi şəxslərə qarşı məhdudiyyətlər tətbiq edir.
İndi qanun layihəsini Konqresin hər iki palatası təsdiqləməlidir. Bundan sonra isə imzalanması üçün o, ölkə prezidentinə göndəriləcək.