BAKI, 11 dekabr — Sputnik. "Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyasını uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".
Qeyd edək ki, dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.