İDMAN

Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar

Azərbaycanlı qrossmeyster şahmatçıların oyun zamanı rəqibə düşünməyə mane olmaq üçün işlətdikləri fəndləri açıqlayıb.
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Hind restoranında biləndə ki, mən Vişvanatan Ananda qalib gəlmişəm, məndən pul almadılar. Sputnik Azərbaycan xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yerli telekanallardan birinin efirində deyib.

"Bir dəfə mən Dubaydakı hind restoranlarından birində şahmat lövhəsi gördüm. Ofisiant lövhəyə maraqla baxdığımı görəndə, məni təəccübləndirmək qərarına gələrək dedi ki, onun həmyerlisi Vişvanatan Anand böyük şahmatçıdır. Mən ona peşəkar şahmatçı olduğumu dedim və Ananda dəfələrlə qalib gəldiyimi bildirdim. Amma, o, inanmadı. Sonra mən Anandla oynayarkən çəkilən şəkli onlara göstərərək dediyimi sübut elədim. Onda onlar məndən hesabı almadılar. Dedilər, Ananda qalib gələn adamdan pul götürə bilməzlər", - deyə Məmmədyarov bildirib.

Şəhriyar Məmmədyarov: "Mənim psixoloji problemlərim var"

O, həmçinin bu yaxınlarda ikinci dəfə ata olduğunu deyib.

"İkinci dəfə ata olduğum üçün çox xoşbəxtəm. Düşünürəm ki, ata olmaq çempion olmaq üçün maneə deyil, əksinə daha çox güc verir", - deyən şahmatçı qeyd edib ki, ilk övladına şahmat üzrə üçüncü dünya çempionu Xose Raul Kapablankanın şərəfinə Raul adını verib.

"Mənim Kapablankaya böyük simpatiyam var, ona görə də, uşağa ad seçərkən, bu adın üzərində dayandım. Ad seçimi hər bir valideynin müstəqil işidir", - Məmmədyarov deyib.

O, həmçinin bildirib ki, Dortmundda (Almaniya) keçirilən superturnir çərçivəsində öz karyerasının ən uzun partiyasını oynayıb. Onun dünya şahmat tacına keçmiş iddiaçı Peter Lekoya qarşı partiyası səkkiz saatadək davam edib.

Həsənov: “Bu turnir Şəhriyar Məmmədyarov üçün hazırlıq idi”

"İndi turnirin təşkilatçıları şahmatçılara oyunun davam etdirilməsi üçün yaxşı imkan yaradırlar. Nəinki təkcə çay və ya kofe içmək, hətta partiya davam edərkən yemək yemək də olar. Bu yaxınlarda biz zarafatla təşkilatçılardan xahiş etdik ki, otağa futbola baxmaq üçün televizor qoysunlar. Rəqib gediş üzərində bir saat fikirləşincə, bu müddətdə sakitcə futbol matçının bir hissəsinə baxa bilərsən", - deyə Məmmədyarov zarafatla əlavə edib.

Onun sözlərinə görə, şahmatçılar rəqibin variantları düzgün hesablamasına mane olmaq üçün tez-tez müxtəlif fəndlərə əl atırlar.

"Oyun zamanı şahmatçı rəqibin düşünməsinə mane olduğunu bilə-bilə davamlı surətdə termosun qapağını açıb-bağlaya, özünə az-az çay süzə bilər. Bəzən qəsdən öskürür, hətta masanın altından ayağına vururlar, sonra da üzr istəyirlər. Sən isə bu vaxt artıq hesabı qarışdırmış olursan.", - Məmmədyarov əlavə edib.