BAKI, 10 dekabr — Sputnik. "Savadsız aşpaz necə qida təhlükəsizliyinə riayət edə bilər? İki aya hansısa kursu bitirənlər aşpaz ola bilməzlər. Aşpaz təhsili 2-7 ilədəkdir. 7 il başa çatdıqdan sonra həmin şəxs öncə aşpaz köməkçisi kimi çalışır".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bu gün agentliyin mətbuat mərkəzində keçirilən görüşdə deyib.
O bildirib ki, uşaq bağçasında xörəklər elə bişirilməlidir ki, onun tərkibində olan faydalı hüceyrələr ölməsin: "Əks halda, bu xörək yalnız uşağın qarnının doymasına xidmət edəcək, ona hansısa faydası olmayacaq".
"Ümumiyyətlə, qida təhlükəsizliyinə riayət etmək üçün düşünürəm ki, hər bir sahə üzrə ixtisaslaşmış aşpaz olmalıdır. Yəni uşaq bağçasının aşpazı xüsusi ixtisaslaşmalı, məktəblərin aşpazı ayrıca olaraq ixtisaslaşmalıdır. Eyni zamanda iş yerləri üçün də ixtisaslaşmış aşpazlar olmalıdır", - deyə o əlavə edib.