Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Gürcüstanda "donuz qripi" adlandırılan A (H1N1) virusuna yoluxma halı qeydə alınıb. Yeniyetmə oğlan A (H1N1) virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycan-ın baş epidemioloqu İbadulla Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə A (H1N1) virusu ilə bağlı heç bir təhlükə yoxdur. İ.Ağayevin sözlərinə görə, Azərbaycanda "donuz qripi" qeydə alınmayıb: "Gürcüstan Azərbaycanla həmsərhəd olsa da, hələ ki qonşu ölkədə A (H1N1) virusu tüğyan etmir. Bir faktın aşkarlanması elə də həyəcan doğuran hadisə deyil. Həmçinin Azərbaycanda bu virusun alovlandığı dövrdə yoluxma halı qeydə alınmayıb. Ona görə də, Gürcüstandakı hadisə barədə narahat olmağa əsas yoxdur".