HADİSƏ

Bələdiyyə sədri cəzalandırıldı

Nazirlik bələdiyyəyə həm ərazini təmizlətdirdi, həm də sədrinə cəza kəsdi. Əsl vətəndaş mövqeyi nümayiş etdirənləri də unutmadı
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan daha bir problemi həll etdi - Sakinlər artıq rahat yaşaya biləcəklər

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

ETSN-in əməkdaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

ETSN ətraf mühitin qorunması, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirir.