CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhəri qaydaya salacaqlar: Artıq kim və necə gəldi tikə bilməyəcək

Ekspertin sözlərinə görə, 2016-cı ildən başlayan pilot layihələr qısa zaman ərzində geniş şəkildə aparıldığından bu tikinti şirkətlərinin satış bazarına da ciddi şəkildə mənfi təsirlər göstərməyə başlayıb.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman verib.

Paytaxtda tikinti qaydaları dəyişdi

Fərmanda qeyd edilib ki, Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılan və ya layihələndirilməsi barəsində sərəncam verilən tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini, tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir.

Belə ki, yeni binaların tikintisi ilə bağlı ilkin icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən veriləcək. Rayonlar ərazilərində həyata keçiriləcək pilot layihələrin icazəsini isə yerli İcra hakimiyyətləri verəcək.

Bu fərmandan sonra nə dəyişəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrı qurum olduqdan sonra Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən istismar müddətini bitirmiş binaların sökülərək yenilənməsi prosesi demək olar ki, dayanmışdı: "Bu prosesin dayandırılmasında əsas məqsədlərdən biri də əvvəlki dövrlərdə tikilmiş binaların böyük əksəriyyətinin şəhərsalma və arxitektura normativlərinə cavab verməməsi idi. Pərakəndə şəkildə tikilmiş binalar paytaxtın memarlıq görüntüsünü pozmaqla bərabər ciddi sıxlığa və digər problemlərə də yol açmışdı. Tikintilərə veriləcək icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildikdən sonra bu sahəyə çox həssas və ciddi münasibət göstərilir. Əsas məqsəd tikiləcək bütün binaların normativlərə uyğun olması, binaların ətraflarında yaşıllıq ərazilərin artması, binalar arası ara məsafələrin qorunması, həyət-baca və digər lazımi tələblərə uyğun tikilməsidir".

Şəhəri qaydaya salacaqlar: Artıq kim və necə gəldi tikə bilməyəcək

Ekspertin sözlərinə görə, 2016-cı ildən başlayan pilot layihələr qısa zaman ərzində geniş şəkildə aparıldığından bu tikinti şirkətlərinin satış bazarına da ciddi şəkildə mənfi təsirlər göstərməyə başlayıb.

"Əksər tikinti şirkətləri bazar araşdırması aparılmadan, ərazidəki mənzil alıcılarının statistikasını bilmədən və ərazinin real satış qiymətlərini müəyyənləşdirmədən tikinti işlərinə başladılar. Və təbii ki, bu cür araşdırmaları aparmadan işə başlayan şirkət sahiblərinin zamanla müəyyən problemlərlə üzləşməsi gözlənilən idi" – deyə ekspert əlavə edib.

E. Fərzəliyev əlavə edib ki, bu sahənin yenidən aktivləşməsi iqtisadi baxımdan da çox səmərəlidir: "Əslində isə bu o demək deyil ki, bütün istismar müddəti bitmiş binalar hamısı sökülməlidir. Bu gün əksər köhnə binaların qorunub saxlanılması və üzərilərində müəyyən yenilənmə işlərinin aparılması daha məqsədəuyğundur. Çünki eyni zamanda söküntü və tikinti işlərinə geniş miqyasda başlanılarsa, şirkətlər müəyyən qədər alıcı qıtlığı ilə üzləşə bilərlər. Bu proseslər zamanla, mərhələli şəkildə aparılarsa, daha uğurlu ola bilər. Sevindirici hal ondan ibarətdir ki, tikiləcək bütün binalara veriləcək sərəncamlar və nəzarət Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılacaq. Zamanla bu sahədə çox ciddi problemlər yaşanmışdı. Düşünürəm ki, dövlətin bu sahəyə birbaşa nəzarəti gələcəkdə yaşana biləcək problemlərin ciddi şəkildə qarşısını ala bilər".

Tikinti sahəsində böyük dəyişiklik – Artıq icazə lazım olmayacaq

Ekspert vurğulayıb ki, pilot layihələr ilə tikilmiş binalara vətəndaşlar tərəfindən maraq daha böyükdür. Çünki hər kəs bilir ki, dövlət xətti ilə sökülüb tikilən binalar qısa zaman ərzində qaz, su , işıq və çıxarışla təmin olunur.