BAKI, 30 noyabr — Sputnik. Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun partiyasını elan edəcəyi tarix məlum olub.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Davudoğlunun bir neçə həftə içərisində partiyasını elan edəcəyi gözlənilir. Artıq partiyanın nizamnaməsinin və proqramının hazırlanması son mərhələdədir.
Yeni partiyanın bir neçə həftə içində Daxili İşlər Nazirliyinə müraciət edərək rəsmi olaraq qurulacağı gözlənilir. Məlumata görə, partiyanın elan edilməsi 2020-ci ilə çəkməyəcək, daha tez təsis ediləcək. Partiyanın mərkəzi qərargahı Ankarada olacaq.
Qeyd edək ki, AKP-dən ilk səs-küyə səbəb olan istefa iyulun 8-də baş verib. Belə ki, Türkiyənin sabiq Baş Nazirinin müavini və Xarici İşlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan edib.
Sentyabrın 13-də Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları gücləndirib. Əhməd Davudoğlu iddiaları bu sözlərilə təsdiqləyib: "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik".