Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 28 noyabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" İspaniyada "Sevilya" klubu ilə qarşılaşacaq. Sputnik Azərbaycan xəbər verir ki, Qurban Qurbanovun komandası üçün vacib qarşılaşma 00:00-da start götürəcək.
Sputnik Azərbaycan azarkeşlərin son ümid oyunu öncəsi mütəxəssislərin fikrini öyrənib.
İlkin Xəlilov (ATV-nin idman aparıcısı, redaktor): "Qarabağ"ın qarşısında "davam ya tamam" sualının qoyulduğu həlledici oyunlardan biridir. Məğlubiyyət və APOEL-in Lüksemburqda mümkün qələbəsi bizim üçün pley-off xəyallarının bitməsi deməkdir. Ona görə də, "Qarabağ"lı futbolçuların bu oyuna bir savaş kimi çıxacağını düşünürəm. "Qarabağ" öz-özünü belə çətin vəziyyətə saldı, indi də özü "məngənə"dən çıxmalıdır. Məncə, axşamkı matç bir az da bəxtimiz gətirərsə, heç-heçə bitəcək”.
Natiq Muxtarlı (İdman jurnalisti): "Sevilya" ilə qarşılaşmada "Qarabağ"dan asılı olan heç nə yoxdur. Səviyyə fərqi o qədər aşkardır ki, "Qarabağ"dan oyun planında nəsə gözləmək yersizdir. Bu qarşılaşmanın nəticəsi "Sevilya"nın oyuna münasibətindən asılıdır. Çərçivəni ispanlar yaradacaqlar. "Qarabağ" ispanların imkan yaradacaqları çərçivə daxilində oynayacaq, özü nəyisə diktə edə bilməyəcək. "Qarabağ"ın bu qarşılaşmadan xalla ayrılması "Sevilya"nın oyuna barmaqarası münasibəti fonunda mümkün olar. Bu səviyyəli komandalarda "ikinci heyət" anlayışı olmur. Belə klublarda ehtiyatda qalan futbolçu meydanda olandan zəif deyil. Və özünü göstərmək üçün məqam axtarır. Bütün bu amilləri nəzərə alaraq, "Qarabağ"ın "Sevilya" qarşında heç bir şansının olmadığını düşünürəm".
Ramiz Mirzəzadə (İdman Azərbaycan, şərhçi): “Bu il APOEL ilə 4 dəfə qarşılaşmaq imkanı olan “Qarabağ” bu rəqiblə bacarmadı. İndi çətin Sevilya səfərindən ən azı xalla qayıtmaq lazımdır. Ramon Sançes Pisxuanda bunu bacarsaq, sonuncu turda da ümidlərimiz davam edəcək. Biz həm də "Dudelanj" komandasının da APOEL ilə oyundan qələbə ilə ayrılmasını arzulamalıyıq. Yəni bax belə bir qarışıq durum yaranıb.
Sənan Şəfizadə (ATV-nin idman aparıcısı): "Sevilya" əsas futbolçuları olmadan belə, güclü rəqibdir. Məqsədlərinə nail olsalar belə, doğma meydanda qələbə uğrunda mübarizə aparacaq. Bu oyun həm də ölkə idmanının təbliğatı baxımından önəmlidir. Bütün İspaniya mediası matçı diqqətlə izləyəcək. "Qarabağ" gücünü toplayaraq yaxşı oynasa, Bakıya xalsız qayıtmayacağıq. İspaniyadan 1 xalla qayıtmaq realdır. Sadəcə səhv etməmək lazımdır. Bu oyun "Qarabağ" üçün bəlkə də son şansdır”.
Qeyd edək ki, A qrupunda mübarizə aparan "Qarabağ" 4 xalla 3-cü pillədə qərarlaşıb.