CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

"Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin"
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda məişət zorakılığı qurbanları üçün yeni sığınacaqların yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir müavini sığınacaqların birbaşa nazirliyin xətti ilə deyil, sosial sifarişlər əsasında yaradılaraq fəaliyyət göstərməsinin daha məqsədəuyğun olduğunu bildirib: "Bəzi sosial problemlərin səmərəli həlli onu tələb edir ki, bu mərkəzləşdirilmiş şəkildə deyil, daha çox vətəndaş cəmiyyəti və desentrə olunmuş tərzdə həllini tapsın. Yəni sosial sifarişlər əsasında, icma əsaslı olsun. Bu daha çox səmərə verə bilər. Prezident iyun ayında xüsusi ehtiyacı olan şəxslərlə bağlı əlavə vəsait ayırdı. Onun vasitəsilə biz xüsusi yeni mərkəzlər yaratdıq, icma əsaslı reabilitasiya mərkəzləri istifadəyə verdik. Onların sayı artıq iki yüzə çatıb. Artıq 8000-ə yaxın vətəndaşımız bu mərkəzlərin xidmətlərindən faydalanır. 2013-cü ildən etibarən sığınacaqlarla bağlı qaydalar var. O qaydalara əsasən artıq 10-dan çox təşkilat akkreditasiyadan keçib. Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin".

Nazir müavini həmçinin qeyd edib ki, bəzən məişət zorakılığı qurbanları üçün sığınacaqların fəaliyyəti barədə geniş məlumatın verilməməsi məxfiliyi qorumaq məqsədi daşıyır: "Məişət zorakılığı qurbanları ilə bağlı sığınacaqların ünvanlarını ictimaiyyətə açıqlamaq olmur. Çünki, burada məxfilik məsələsi qorunmalıdır. Orada yaşayanlara mühafizə orderi verilir".