CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Onlara xərc çəkməyin mənası yoxdur" - Bu günün Bakısı ancaq şəkillərdə qalacaq?

"Əgər hansısa tikinti şirkətinə ərazi sərf edirsə, onu tarixi bina və ya orada yaşayan insanların hüquqları maraqlandırmır"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. "Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESCO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox ölkə belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır".

Paytaxtımızın qucağına bir şəhər də qoyduq - torpaq getdikcə əldən çıxır

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkə Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən zaman deyib.

Əmlak eksperti Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tarixi abidələr Mədəniyyət Nazirliyinin xüsusi siyahısına daxil edilib: "Aidiyyəti binalar da həmin siyahıda yer alıb. Hesab edirəm ki, gələcəkdə bu siyahı müəyyən kateqoriyalar üzrə bölünməlidir. Çünki bizim əmlak fondumuz olduqca köhnədir. 70-ci illərə qədər inşa edilən yaşayış fondu yarımqəzalı vəziyyətdədir və gələcəkdə riskli yaşayış fonduna çevriləcək".

Mövcud qeydiyyata alınmış siyahıya gəldikdə isə, ekspert qeyd edib ki, hansısa bir inşaat şirkəti ərazini götürən zaman, əgər həmin ərazidə tarixi bina varsa, müvafiq nazirliyə müraciət edir. O da müəyyən maraqlar çərçivəsində buna razılıq rəyi verir: "Bu fakt belədir və davam edir. Bunların içində həddən artıq dəyərli tarixi abidələr var. Onlardan eləsi var ki, bərpa edilməıli, eləsi də var ki, sökülməlidir".

Ekspert qeyd edib ki, yaşamaq üçün müasir tələblər var. Köhnə binalar yaşayış standartlarına cavab vermirsə, getdikcə yaşamaq üçün riskli fonda çevrilirsə, təbii ki, onlar sökülməlidir.

"100-150 il əvvəl həmin binalar inşa edildiyi zaman standartlar yox idi. Bu gün həmin binaların otaqlarına daxil olanda elə otaq var ki, heç pəncərəsi yoxdur. Və yaxud hündürlüyü uyğun gəlir, amma kommunikasiya hissələri o qədər çürüyüb ki, ələ gəlmir. Prezident tapşırıq verib ki, binaların damı dəyişdirilsin, fasadları təmir edilsin. Həmin binaların 1/3-ni bərpa etməyin, bu binalara xərc çəkməyin mənası yoxdur. Elə binalar var ki, onların təməli də köhnəlib, qəzalı vəziyyətə düşüb", - deyə o bildirib.

Tarixi binalara gəldikə isə bunların müəyyən edilməsi üçün komissiya yaradılmalıdır. Bunlar da ekspertin fikrincə,  iki kateqoriyaya – bərpa ediləcək və söküləcək binalara - ayrılmalıdır.

"Məsələn, memar Elbəy Qasımzadə qeyd edir ki, tarixi binalar qorunub saxlanılmır. Çünki hər rayon öz ərazisinə düşən tarixi binaların taleyini özü həll edir. Amma bu, xaotik hala çevrilə bilər. Amma şəhərin mərkəzini əhatə edən mərkəzi rayon yaradılmalıdır. Bu binaların normativləri də fərqli olmalıdır. Hazırda Arxitektura Komitəsi tərəfindın tətbiq edilən normativlər bütün Azərbaycan üçün tətbiq edilir. Bu isə çox səhv bir addımdır. Tarixi binalar üçün normativlər fərqli olmalıdır", - E.Azadov vurğulayıb.

Bakının Baş Planı barədə yeni məlumat var

O əlavə edib ki, tarixi binalar olan məhəllələr üçün xüsusi normativlər tətbiq edilməli, burada inşaat və bərpa işini aparan şirkətə dövlət dəstəyi olmalıdır ki, investor şirkəti yenidənqurma işlərinin aparılmasında maraqlı olsun. Yenilənəcək məhəllələrin həyətyanı sahələrinin altında 2-3 mərtəbəli qarajların inşa olunması önəmlidir. Ən düzgün yanaşma hazırlanacaq yeni Baş Planda müfəssəl plan üzrə (kvartalların detallı sxemi) fərdi inşaat normativlərinin tətbiq edilməsi və yenidənqurma işləri apararkən ictimaiyyətin rəyini almaqdır. Yenidənqurma işi sosial layihə olduğu üçün bələdiyyə tərəfindən sorğu işlərinin aparılması önəmlidir.

E.Azadov bildirir ki, bəzi rayonların ərazisində həqiqətən tarix məhv edilib: "Əgər hansısa tikinti şirkətinə ərazi sərf edirsə, onu tarixi bina və ya orada yaşayan insanların hüquqları maraqlandırmır. Bu məsələlərdə məcburiyyət olmamalıdır. Sakinlərin hüquqları təmin edilməlidir. Amma bu işin müsbət tərəfləri də var. Bu, böyük bir prosesdir. Və bu, bir qurumun məsuliyyəti deyil".