CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə kampus, bizdə qaçqın düşərgəsi: Tələbə yataqxanası problemi düzələcəkmi?

İndiyə qədər yataqxana probleminin həll olunmaması bu işi görməli olanların məsələyə səhlənkar yanaşdıqlarını göstərir
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Hər il müxtəlif sorğu şirkətləri dünyanın ən məşhur universitetlərinin reytinqini tətbiq edir. Reytinqin tətbiq edilməsi zamanı, elmi biliklər və tədrislə yanaşı, bir çox digər amillər də nəzərə alınır. Məsələn, elm ocağının tələbələr üçün yaratdığı şərait.

Aqrar Universitetdən unikal şərtlər: dörd ulduzlu yataqxana, hər ay 350 manat təqaüd

Ekspertlər də təsdiq edirlər ki, məşhur universitetlərin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitlə bağlıdır. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Ayrıca salınan belə xüsusi şəhərciklərdə tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Xaricdə kampus şəraitində elm öyrənən tələbənin heç bir problem olmamalıdır.

Kampusların tikilməsi məsələsi bizdə də dəfələrlə gündəmə gəlib. Bu günlərdə tələbə yataqxanalarının tikilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Parlamentin vitse-spikeri Valeh Ələsgərov "Tik, idarə et, təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.

Vitse-spikerin sözlərinə görə, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər: "Tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər. Təklif edirəm ki, Təhsil və Maliyyə nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq".

Qanuna görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan parlamenti 2016-cı ildə "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında qanun"u qəbul edib.

"Həmin qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə sistemi əsasında, "Tik, idarə et, təhvil ver" modelinə uyğun həyata keçirilməsini nəzərdə tutur. Bu modelin mahiyyəti ondan ibarətdir ki, dövlət müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, onların maksimum 49 il müddətinə idarə edilməsini və gəlirləri investorlara təklif edir. Bu müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir. Milli Məclis həmçinin "Tik, idarə et, təhvil ver" prinsipi ilə tikintiyə investisiyaları dövlət rüsumundan azad edib", – deyə ekspert əlavə edib.

Əli Əhmədov yanan yataqxana binası sakinləri ilə bağlı göstəriş verdi

Onun sözlərinə görə, artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu model əsasında iki binadan (beş mərtəbəli və 9 mərtəbəli), 190 otaqdan ibarət olan yataqxanaların tikintisi başa çatıb və istifadə olunur.

"Uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə, yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problemidir. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir", – deyə ekspert vurğulayıb.

K.Əsədov qeyd edib ki, özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur: "Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı".

Rusiyada tələbə yataqxanasının binası uçdu - VİDEO

Qeyd edək ki, Azərbaycan Universitetlərinin tələbə yataqxanasının olmaması xaricdən gələn tələbələrə də təsir göstərir. Hər bir tələbə təhsil üçün hansısa bir xarici ölkəyə gedəndə, təbii ki, yataqxanası olan universiteti seçir. Beləcə, yataqxananın olmaması səbəbindən hər il Azərbaycan universitetləri onlara müraciət edəcək nə qədər tələbəni itirir.

Kamran Əsədov deyir ki, universitetin büdcəsi bu maliyyəni qarşılamağa imkan verməsə də, özəl sektoru cəlb etməklə məsələni həll etmək olar: “İndiyə qədər yataqxana probleminin həll olunmaması bu işi görməli olanların məsələyə səhlənkar yanaşdıqlarını göstərir”.