Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 19 noyabr — Sputnik. "İstilik tarifləri maya dəyərindən aşağı olduğuna görə "Azəristiliktəchizat" istilik haqlarını tam yığsa belə, yenə "Azəriqaz"a borcunu tam ödəmək iqtidarında deyil". Bunu "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev "Azəriqaz"a borc məsələsindən danışarkən Sputnik Azərbaycan-a deyib.
Onun sözlərinə görə, əhali qrupuna verilən istilik tarifləri maya dəyərindən bir neçə dəfə aşağıdır və qurum zərərlə işləyir: "Azərbaycan dünyada yeganə ölkədir ki, istilik tarifləri qaz tariflərindən aşağıdır. Bizdə Sovet dövründən qalma qazanxanalar var, bütün sistem modernləşməli, bütövlükdə enerji səmərəliliyi ilə bağlı bütün tədbirlər görülməli, paralel şəkildə tariflər də addım-addım maya dəyərinə uyğunlaşdırılmalıdır ki, qurum gəlirlə işləsin. Birdən-birə istilik tariflərinin artırılması mümkün deyil. Çünki burada sosial və digər məsələlər nəzərə alınmalıdır".
Borc məsələsi ilə bağı iqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC büdcədən maliyyələşən və yaxud da dövlət tərəfindən tənzimlənən dövlət şirkətləridir və bunların arasında olan hər hansı bir mübahisəyə, ödənişlərlə bağlı problemlərə görə vətəndaş əziyyət çəkməməlidir:
"Bu məsələni həll etməyin müxtəlif yolları ola bilər. Bir yol budur ki, hər iki təşkilat dövlət büdcəsindən müəyyən dotasiyalar alır və bu dotasiyaların əvəzləşdirilməsi prosesi ola bilər. Yəni borc müqabilində "Azəristiliktəchizat"a ayrılacaq vəsaitin bir qismi heç bu quruma çatmamış əvəzləşdirilərək "Azəriqaz"a ötürülə bilər. Dövlətə məxsus şirkətlər arasında borc mübahisələri olduqda büdcədən ayrılan vəsait hesabına əvəzləşdirmə yolu ilə ödənişlərin həyata keçirilməsi mexanizmi yaradıla bilər. Belə bir işlək mexanizmin yaradılması dəyərləndirilməlidir. Bu mexanizm nəticəsində vətəndaşlar heç bir ziyan görmədən dövlət şirkətləri arasında münasibətlər tənzimlənə bilər".
Onun fikrincə, digər tərəfdən, borc məsələsini ilkin mərhələdə Maliyyə Nazirliyi öz üzərinə götürə və sonradan əvəzləşdirməni apara bilər ki, hər hansı bir təchizat ilə bağlı problemlər yaşanmasın: "Yəni müvafiq qurumlar birgə işləyərək mexanizmlər tapmalıdırlar ki, vətəndaşlar dövlət şirkətləri arasında olan maliyyə mübahisələri, maliyyə problemlərinə görə əziyyət çəkməsinlər. Əsas yanaşma belə olmalıdır".
Bu binaların sakinlərinin bütün ümidləri qırıldı>>
Ekspert bildirib ki, paylayıcı şirkətlər özəlləşdirməyə çıxarılmalıdır: ""Azəristiliktəchizat" paylayıcı şirkətdir, təhlükəsizlik baxımından strateji əhəmiyyət daşımır. "Azəristiliktəchizat", həmçinin qaz paylayıcı, elektrik paylayıcı şirkətlər də ya uzunmüddətli icarəyə verilməli, ya da özəlləşdirilməlidir. Bu, büdcənin üzərinə düşən əlavə yükün xeyli dərəcədə azalmasına və vətəndaşlar ilə özəl şirkətlər arasında normal müqavilə öhdəliklərin yaranmasına səbəb olacaq. Bu gün vətəndaş ödənişi gecikdirən kimi təchizat dayandırılır. Amma şirkətlərin günahından təchizat dayandırılırsa, insanların avadanlığı sıradan çıxırsa, dövlət şirkətləri buna görə məsuliyyət daşımır. Lakin özəl paylayıcı şirkət olsa, bu zaman müqavilə öhdəlikləri yarana bilər".
"Bütün dövlət şirkətləri maya dəyərinin hesablanma qaydalarını, indikatorlarını ictimaiyyətə təqdim etməlidirlər. Bunlar özəl şirkət deyil ki, kommersiya sirri olsun", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 14-də "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir.
Onu da bildirək ki, Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlimdə çıxış edərkən bildirib ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevə istilik təchizatı sahəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim ediləcək: "Bu sahənin təkmilləşdirilməsi və effektivliyin artırılması Energetika Nazirliyinə və Nazirlər Kabinetinə tapşırılıb. Bu sahədə hazırda işlər davam etdirilir və yaxın vaxtlarda istilik təchizatı sahəsinin təkmilləşdirilməsi, effektivliyin artırılması və subsidiya məsələləri ilə bağlı təkliflər ölkə başçısına təqdim olunacaq".
Xatırladaq ki, ötən həftə "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Sputnik Azərbaycan-a deyib ki, "Azəriqaz" "Azəristiliktəchizat" ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib: "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik".