İQTİSADİYYAT

Xarici ticarətdə idxal və ixrac rəqəmləri açıqlandı – Maraqlı statistika var

Doqquz ayda Azərbaycanda buğda idxalı 34,2%, xam şəkər və şəkər 39,9%, təzə meyvə 2,7%, bitki yağları 6%, kərə yağı, digər süd yağları və pastaları 13%, çay 2,5%, quş əti və onun əlavə məhsulları 9,6%  və s. artıb
Sputnik

BAKI, 18 noyabr — Sputnik. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Azərbaycanın ixrac vəziyyəti: nə, nə qədər və hara?

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14459,2 milyon dollar, idxalın dəyəri 10378,0 milyon dollar təşkil edib, nəticədə 4081,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2%, real ifadədə isə 1,4%, o cümlədən idxal 3,4%, ixrac 0,3% artıb. Bu dövr ərzində ölkədən 1413,1 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 17,1%, real ifadədə isə 12,1% çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,5%-ni İtaliyaya, 14,8%-ni Türkiyəyə, 7,2%-ni İsrailə, 5,5%-ni Hindistana, 4,9%-ni Almaniyaya, 4,7%-ni Çinə, 3,6%-ni İspaniyaya, 3,4%-ni Rusiyaya, 3%-ni Fransaya, 2,9%-ni  Çexiyaya, 2,8%-ni Gürcüstana, 2,6%-ni Birləşmiş Krallığa, 2,4%-ni Portuqaliyaya, 1,9%-ni Ukraynaya, 11,8%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Rusiyanın xəstəlik yayan məşhur kolbasası Azərbaycana idxal edilirmi?

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33%), Türkiyəyə (21,5%), İsveçrəyə (8,9%), Gürcüstana (8,7%), İtaliyaya (2,4%), Ukraynaya (2,3%), Yunanıstana (2,3%), Çinə (2,2 %), İrana (1,5%) və Niderlanda (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5%-i Rusiya, 11,6%-i İsveçrə, 11,1%-i Türkiyə, 9,3%-i Çin, 6,3%-i ABŞ, 4,9%-i Almaniya, 3,8%-i Kanada, 3,5%-i İran, 3,3%-i Ukrayna, 2,8%-i Avstraliya, 2,6%-i İtaliya, 1,9%-i Fransa, 1,7%-i Birləşmiş Krallıq, 1,6%-i Qazaxıstan, 20,1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər – 49,5 faiz, tütün – 2 dəfə, meyvə və tərəvəz şirələri – 33,7 faiz, çay – 7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 49,6 faiz, pambıq lifi – 47,2 faiz, pambıq ipliyi – 38,1 faiz, emal olunmamış alüminium – 24,1 faiz, polietilen – 2,5 faiz, bentonit gili – 17,2 faiz artıb, təzə tərəvəz ixracı isə 3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,7 faiz, qara metallardan yarımfabrikatlar – 3,6 faiz, qara metallardan borular – 81,9 faiz azalıb.

Yeni fərman ölkənin ixrac potensialını artıracaq

2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər – 39,9 faiz, təzə meyvə – 2,7 faiz, bitki yağları – 6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13 faiz, çay – 2,5 faiz, quş əti və onun əlavə məhsulları – 9,6 faiz, kartof – 23,9 faiz, mal əti – 13,2 faiz, təzə tərəvəz – 36,3 faiz, minik avtomobilləri – 1,9 dəfə, polad prokatı – 25,6 faiz, mineral gübrələr – 47,6 faiz, hesablama maşınları, blok və qurğuları – 35,5 faiz, rezin şinlər – 12,7 faiz, mebellər – 9,6 faiz, avtobuslar – 3,4 dəfə, məişət kondisionerləri – 1,6 dəfə, polietilen – 27,8 faiz, yük avtomobilləri – 3,7 dəfə, paltaryuyan maşınlar – 9,3 faiz, qara metallardan künclüklər – 13,2 faiz artıb. Siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular – 13,6 faiz, qara metallardan çubuqlar – 20 faiz, sement və sement klinkerləri – 17,8 faiz, məişət soyuducuları – 17,1 faiz azalıb.