Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 noyabr — Sputnik. Azərbaycan bu gün türkdilli ölkələrin vətəndaşları üçün ən isti yuvalardan, ocaqlardan biridir. Ölkəmizə gələn türklər burada özlərini vətənlərindəki kimi hiss etdiklərini deyirlər. Artıq səkkiz ilə yaxındır ki, Azərbaycanda yaşayan Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün də artıq özünü buralı hiss edir.
Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində konsertlər verən ifaçı həkim-ginekoloq olan həyat yoldaşının işi ilə əlaqədar olaraq burada yaşayır. Cütlük yeganə övladları olan Alp 2 yaşında olarkən Azərbaycana köçüb. Artıq beş ildir ki, Azərbaycanda yaşayan, burada məktəbə gedən Alp bizim dilimizdə səlis danışır, milli xörəklərimizi də çox sevir. Onların evlərinin ən şıltağı isə həyatını xilas etdikləri pişikdir.
Oya Ergün Azərbaycanla bağlı təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb.
- Artıq 7 ildən artıqdır ki, Azərbaycandasınız. Ölkəmiz sizdə necə təəssürat yaradıb?
- Azərbaycanda olduğum müddətdə özümü elə Türkiyədəki kimi hiss edirəm. Məncə, bura dünyanın ən mehriban insanlarının, ən istedadlı musiqiçilərinin, şairlərinin yaşadığı bir yerdir. Bura mədəniyyət ocağıdır. Azərbaycana gəlməzdən öncə 8 il Hollandiyada yaşadığım müddətdə özümü vətənimdən uzaqda hiss edirdim.
- Deyəsən, Alp da buranı çox sevir...
- Oğlum azərbaycanlı kimi danışır, özünü azərbaycanlı hiss edir. Həmişə deyir ki, türk balasıyam, Bakıda qalasıyam. Onun burada çox yaxın dostları olduğu üçün Azərbaycan onun həyatında önəmli bir yerə sahibdir. Həyat yoldaşım da burada işləyir.
- Ailəniz böyükdür?
- Hə, burada anam da bizimlə birgə qalır. O Azərbaycanı çox sevir, burada çoxlu yaxın dostlar da qazanıb. Evimizdə bir pişiyimiz də var. Onu Bakıda "Təzə Bazar" adlanan yerdən almışdıq. Quş qəfəsinin içində bir neçə pişik vardı, dəqiq sayını bilməsəm də, onların az olmadığını deyə bilərəm. Bir pişik isə hamısının altında idi, əzilirdi, çox pis vəziyyətdə idi. Ölmək üzrə olduğu üçün onu bizə pulsuz verdilər. Əks halda, bu pişiyi zibilliyə atacaqdılar. Biz onu evə gətirdik, su və yemək verəndən sonra canlanmağa başladı. Artıq iki ildir ki, bizimlə birgədir. Çox istiqanlı, mehriban bir pişikdir. Adı Çellodur.
- Ölkəmizdə ən çox qarşılaşdığınız problem nədir?
- Azərbaycanda ən çox sürücülərin qaydaları pozmasından əziyyət çəkirəm. Bundan başqa elə bir sıxıntım yoxdur.
- Son albomunuz haqda danışaq. Burada "Cənnətim Qarabağ" ifanız da yer alıb.
- Dördüncü, son olaraq işıq üzü görən solo albomum “Oyalı türkülər” adlanır. Bu türkülərin mənim üçün xüsusi bir özəlliyi var. Bu albomumda 12 türk xalq mahnısı yer alıb. “Cənnətim Qarabağ” da son albomumdadır. Bu ifaya görə mən pianoçu Nərgiz Əliyeva ilə birgə işlədim. O mənim buradakı ən yaxın musiqiçi dostumdur. Bilirsiniz, Türkiyə 7 bölgədən ibarətdir, bizim bu albomda da 7 bölgəyə aid ifalar var və “Cənnətim Qarabağ” ifam da bu alboma daxildir. Çünki Qarabağ bizim də canımız, qanımızdır.
- Bu türkülər digərlərindən nəyə görə fərqlənir?
- Türkülərdə bu günədək olmayan yeniliklərdən istifadə etmişəm. Burada insan səsindən musiqi aləti kimi yararlanmağa çalışmışam. Təbiətin səsi, məsələn, quşların, küləyin, dənizin səsini insan səsi ilə yaratmağa çalışmışam.
- Ümumiyyətlə, bu günədək ifa etdiyiniz mahnılar arasında özəl olanlar varmı?
- Var, əlbəttə ki. Mənim hər diskimin üzərində "bu ifamı ürəyimdəki sahibinə vermək istəyirəm" deyə bir imzam var. Çünki bir çox mahnının mənim həyatımda özəl yeri var. Məsələn, “Mavilim”i həyat yoldaşım, “Çemberimde Gül Oya”nı anam üçün ifa etmişəm. Oğlum üçün də ifam var.
- Amma əcnəbi dildə olan ifalarınız daha çoxdur.
- Opera ifaçısı olduğum üçün öz dilimdən daha çox, fransızca, almanca, italyanca, rusca ifalar bilirəm. Onların sayının türkcə ifalarımı üstələməsi məni üzür. Çünki hər müğənni doğma dilində özünü daha xoşbəxt hiss etməlidir. Amma mən özümü öz dilimdə hiss edə biləcəyim mahnıları ifa edə bilmirdim. Türkülərimizin yaxşı təhsil almış şəxslər tərəfindən laqeydliyə məruz qaldığını düşünürəm. Mən isə müasir texnologiyadan da yararlanmaqla onlara yeni nəfəs verməyə çalışmışam. Zənnimcə, çox gözəl alınıb.
- Albomun təqdimatı nə zaman olacaq?
- Bu ifaların ilk təqdimatı bu ayın 24-də Türkiyədə, gələn ay isə Azərbaycanda olacaq. Ümid edirəm ki, türkülərimiz lazım olan dəyəri ala biləcək.
- Azərbaycan bəstəkarlarından və müğənnilərindən kimlərin yaradıcılığını daha çox bəyənirsiniz?
- Firəngiz Əlizadənin, pianist Nərgiz Əliyevanın, bəstəkar Səid Qəninin adını çəkə bilərəm. İfaçılardan isə Alim Qasımovun sənətini çox bəyənirəm. Amma təbii ki, bütün sevdiyim ifaçıların adlarını sadalamaq imkanında deyiləm. Amma etiraf edim ki, bəyənmədiyim ifaçılar da var və onların sayı heç də az deyil.
- Amma etiraf edək ki, bəzi türkiyəli ifaçılar da var ki, onlar Azərbaycan mahnılarını “anonim” kimi təqdim edirlər.
- Sözsüz ki, bu, üzücü bir faktdır. Etiraf edirəm, mən də ifam zamanı belə bir səhvə yol vermişəm, Fərman Hacıyevin “Lalələr” mahnısını “anonim” kimi təqdim etmişəm. Əlbəttə, bu istəyərəkdən olmamışdı. Çünki musiqiçilər bu mahnının xalq mahnısı olduğunu deyirdilər. Sonradan bu mahnının hansı bəstəkara aid olduğunu öyrəndikdə isə onunla bağlı kiçik bir araşdırma da etdim.
- Bildiyimə görə, siz bizim çox məşhur "Ayrılıq" mahnımızı da sevirsiniz...
- Bu mahnı təkcə Azərbaycanda deyil, bir çox türkdilli ölkələrdə, o cümlədən Türkiyədə məşhurdur. Mən də bu mahnını sevərək ifa edirəm. Çünki bu mahnı, ifa Azərbaycan üçün fərqli bir anlam daşıyır, Vətən həsrətindən bəhs edir.
- Boş vaxtlarınızı necə dəyərləndirməyə çalışırsınız, həyat tərziniz necədir?
- Daha çox kitab oxumağı sevirəm. Hər zaman çantamda bir kitab olur. Hər gün kitab oxuyuram. 1500-ə yaxın kitabım var. Bundan başqa, musiqi dinləməkdən böyük zövq alıram. Formada qalmaq üçün axşam saat 6-dan sonra yemək yemirəm. Çalışıram ki, səhər yuxudan oyananda idman edim. Sağlamlıq üçün sağlam qidalanmağa üstünlük verirəm. Qidalanmada tərəvəzlərdən daha çox istifadə etməyə çalışıram. Naharda və şam yeməyində çörək, heyvan mənşəli yağlardan imtina etmişəm. Həftədə bir dəfə isə ət və balıqla qidalanıram. Bundan başqa, zeytun, qoz, fındığa da üstünlük verirəm.
Deyirlər ki, dərinin gözəlliyi üçün çox su içməyə ehtiyac var. Buna görə də mən gün ərzində azı 1-1.5 litr su içirəm. Sağlamlıq üçün daha çox gəzmək, hərəkət etmək lazımdır. Bu tendensiya mənim üçün də önəmlidir. Buna görə daha çox hərəkət etməyə çalışıram. Gün ərzində təxminən 6 min addım atıram.
- Film izləməyi necə, sevirsinizmi?
- Boş vaxtlarımda film izləməyi çox sevirəm. Xüsusən də Azərbaycanın tarixi filmlərini, Nəsibə Zeynalovanın yaratdığı obrazları sevərək izləyirəm. Amma etiraf edim, kommersiya filmlərini bəyənmirəm.
- Bütün günü musiqi dinləyirsiniz?
- Evdə olduğum müddətdə musiqi səsi hər zaman açıq olur, nəsə dinləyirəm, ya da musiqi bəstələyirəm. Bəstəm üçün sözləri də özüm yazıram.
- Sizin üçün ən böyük məsuliyyət nədir?
- Bütün bu işlərim bir yana, ən məsuliyyətli işim ana və həyat yoldaşı olmağımdır.
- Görüləcək işlərdən danışaq...
- Azərbaycanın opera ifaçıları ilə Yeni il konsertinə hazırlaşırıq. Bundan başqa, bu ayın sonunda Türkiyədə, yanvarda isə Hollandiyada konsertim olacaq.