İDMAN

Qaret Beyl Azərbaycanla oyunu dəyərləndirdi: axırıncı oyuna baxmışıq - FOTO

Uels millisinin lideri və Madridin “Real” komandasının forvardı Qaret Beyl Bakıda Azərbaycanla keçiriləcək oyunda komandasına qələbə qazanmaqda kömək etmək ümidindədir
Sputnik

BAKI, 15 noyabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisi daim inkişafdadır və yaxşı futbol göstərir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıda baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında Uels millisinin lideri və Madridin “Real” komandasının forvardı Qaret Beyl bəyan edib.

“Biz bilirik ki, Azərbaycan yığması yaxşı futbol göstərir. Rəqibimiz yaxşı təşkilatlanıb və intizamlıdır. Biz Azərbaycan millisinin son oyunlarına baxmışıq və görürük ki, bu komanda oyundan-oyuna inkişaf edir”, - Beyl bildirib.

Qaret Beyl Azərbaycanla oyunu dəyərləndirdi: axırıncı oyuna baxmışıq - FOTO

“Real”ın forvardı həmçinin öz yığmasının lideri Aaron Remzinin sıraya qayıtmasını qeyd edərək onunla Uels millisinin Azərbaycanla oyunda qələbəyə daha çox şans əldə etdiyini deyib.

Öz sağlamlıq vəziyyətinə gəldikdə isə Beyl özünü yaxşı hiss etdiyini və qarşıdakı oyunda komandasına kömək etməyə hazır olduğunu bəyan edib.

AVRO-2020-nin təsnifat mərhələsində Azərbaycan və Uels komandaları arasında Kardiffdə keçirilmiş ilk oyun meydan sahiblərinin xeyrinə başa çatıb – 2:1. Bu yığmalar arasında ikinci oyun şənbə günü, noyabrın 16-da Bakıdakı “Bakcell Arena”da yerli vaxtla 21.00-da başlayacaq.