İQTİSADİYYAT

"Maye qazın mənə nə dəxli" deyib keçməyin - Ekspertlər həyəcan təbili çalır

Maye qazın qiymətinin yüksəlməsi bu sahə ilə bağlı olan bir çox istiqamətlərdə və seqmentlərdə qiymət dəyişikliyinə səbəb olacaq, amma burada dövlətin tənzimləyici mexanizmləri var.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Ötən həftə Azərbaycanda maye qazın (LPG) satış qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırılıb.

Ekspertlər bunun bazara təsirini Sputnik Azərbaycan-a şərh ediblər.

Qazı evinizə çatdıracaqlar, həm də əvvəlkindən daha ucuz - Sakinlərə şad xəbər

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, yanacaq əksər hallarda xidmətin maya dəyərinin formalaşmasında əsas parametrdir, xüsusilə də sərnişindaşımada, nəqliyyat sektorunda: “Bu baxımdan istifadə olunan yanacaq növünün qiymətinin artması bu sahədə qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Amma burada diqqət ediləsi məqam odur ki, maye qazın qiymətinin artması böyük ehtimalla müvəqqəti xarakter daşıyır. Bu, son dövrlərdə bu istiqamətdə yaranmış çatışmazlığın, yəni təklifin həcminin azalmasından qaynaqlanır. Ölkədə bu istiqamətdə ciddi qıtlıq var. Bundan istifadə edən təchizatçılar qiymətləri müəyyən qədər artırıblar”.

“Əgər proses uzunmüddətli davam edərsə, nəticədə Azərbaycanda kütləvi sərnişindaşıma üçün qiymətlərin artırılması zərurəti yarana bilər. Amma nəzərə almaq lazımdır ki, hələlik kütləvi sərnişindaşımada qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Amma digər sahələrdə, xüsusilə də taksi xidmətlərində və yükdaşıma xidmətləri kimi başqa sahələrdə qiymətlərin artımı mümkündür”, - deyə ekspert qeyd edib.

Fast-fudda qaz balonu partladı, əksəriyyəti uşaq olan müştərilər xəsarət aldı

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, maye qazın qiymətinin artmasının bazara təsirini hiss edəcəyik: “Maye qazın qiymətinin yüksəlməsi bu sahə ilə bağlı olan bir çox istiqamətlərdə və seqmentlərdə qiymət dəyişikliyinə səbəb olacaq, amma burada dövlətin tənzimləyici mexanizmləri var. Əgər bu mexanizmlər effektiv şəkildə aidiyyəti qurumlar tərəfindən həyata keçirilsə, bu prosesin qarşısı alına bilər”.

O bildirib ki, ölkədə çox ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir: “Belə olan halda düşünürəm ki, aidiyyəti qurumlar qiymət artımına yol verməməli idilər. Biz böyük həcmlərdə nefti xammal kimi ixrac edirik, amma bu gün ölkənin daxili bazarında neft emalı məhsullarına ciddi ehtiyac var. Azərbaycanda maye qaza tələbat artır. Amma görürük ki, yerli istehsal hesabına bunu reallaşdırmaq mümkün olmur. Azərbaycan kimi neft ölkəsində neft emalı məhsullarının qıtlığı yolverilməzdir və qeyri-adekvat bir vəziyyətdir”.

“Maye qazdan istifadə edən nəqliyyat vasitələrində bu qazın qiymətinin artımı hiss olunacaq, amma ümid edirəm bu proses müvəqqəti olacaq”,- deyə professor bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 16-da "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Qərara görə, maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

Qış gəlməmiş qaz qəhətə çıxıb - soyuqdan qorxaq, partlayışdan?

SOCAR-ın rəsmisi İbrahim Əhmədov Trend-ə deyib ki, LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaqdoldurma məntəqələrində onun qiyməti bir qədər artırılıb: "Bunun qiymətini SOCAR tənzimləmir. SOCAR maye qazın qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansı bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təchizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir. Görünür idxal başlandıqdan sonra məhsulun maya dəyəri də artıb. Son aylarda gördük ki, maye qazın təchizatında bir az qıtlıq yaranmağa başlayıb. Qıtlığın səbəbi LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da, ona olan tələbatın artmasıdır. LPG daha çox kimya sənayesində istifadə olunur. Kimya sənayesində artım olduğuna görə bu məhsula olan tələbat artıb və buna görə yanacaq bazarında LPG azalmağa başlayıb. Həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artıb. Görünür ki, təchizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb".

O əlavə edib ki, CNG və yaxud da sıxlaşdırılmış təbii qaz LPG-yə alternativ yanacaq növü ola bilər: "Maye qazın istehsalı neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik. CNG-nin qiyməti 45 qəpikdir və olduğu kimi də qalacaq".