CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlıq imkanı məhdud uşaqlara yeni xidmətlər göstəriləcək

Reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən 8 mindən çox şəxsə xidmətlər göstərilir
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib.

Bu uşaqların dərdinə dərman yoxdur - Ümid icbari tibbi sığortaya qalıb

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərdə bildirilir ki, Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a çatıb. Həmçinin autizm və daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi vardısa, əlavə 14 belə psixoloji yardım mərkəzi yaradılıb.

Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayının 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayının 1-dən 3-ə çatdırılması təmin edilib. Ahıllar üçün 5 günərzi qayğı mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlər üçün 10 dəstək mərkəzi, ahıllar üçün 5 günərzi qayğı mərkəzi və s. də yaradılıb. Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən 8 mindən çox şəxsə xidmətlər göstərilir.