BAKI, 5 noyabr — Sputnik. Moskvanın Çeryomuşki rayonunun məhkəməsi terror aktı hazırlamaqda günahkar bilinən Talant Onurovu həbs edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrena Kozayeva deyib.
Bir müddət öncə Rusiya mediası xəbər verib ki, Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının qarşısını alıb və məsələ bağlı şübhəli şəxs saxlanılıb.
"112" "Telegram" kanalının yaydığı məlumata görə, 30 yaşlı Talant Onurov fevral ayından etibarən terror hücumlarını hazırlayırmış.
Məlumata görə, Onurov doqquz ay özünə cinayət yoldaşları və terror aktını həyata keçirmək üçün yer axtarıb, eləcə də partlayıcı qurğunun necə hazırlandığını öyrənib.
Onurovun bir neçə həftə əvvəl saxlanıldığı bildirilir. Məhkəmə noyabrın 3-də onu 2020-ci il yanvarın 1-dək həbs edib. Məhkəmənin qərarı haqqında məlumat isə bu gün yayılıb.
RİA Novosti xəbər verir ki, Qırğızıstan əsilli Onurov Moskvada terror aktı hazırladığını artıq etiraf edib.