HADİSƏ

Paytaxt böyük bir çəkiliş meydançasına dönəcək - Baş rolda sizsiniz

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda yeni yaradılan abad məhəllələrin hamısında müşahidə kameraları quraşdırılıb.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. "Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. 

Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - kamera
Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda yeni yaradılan abad məhəllələrin hamısında müşahidə kameraları quraşdırılıb.

"Keçən ilin sonlarından başalayaraq, istər İcra Hakimiyyəti tərəfindən təmir edilən həyətlər, istərsə də İDEA cəmiyyəti tərəfindən salınan yeni həyətlərin hamısında bu məsələlər nəzərə alınıb. Açılışı edilmiş bütün həyətlərdə müşahidə kameraları quraşdırılıb", - deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Əlavə edilib ki, layihələr əhatəli olacaq və şəhərdə yeni "abad həyət"lər salındıqca kameralar da qoyulacaq: "İDEA birliyinin yaratdığı 34 abad həyət var. Eyni zamanda, BŞİH və rayon icra hakimiyyətləri də həyətləri abadlaşdırır. Abadlaşdırılan bütün həyətlərə kamera qoyulur".

"Böyük qardaş sizi izləyir": kameralar hər yerdə olacaq

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərdə profilaktik tədbirlərin gücləndiriliməsi, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllədaxili yerlərdə müşahidə kameralarının quraşdırılması diqqət mərkəzindədir: "Eləcə də paytaxt sakinlərinin yaşayış binalarının ətrafına kameraların quraşdırılması ilə bağlı daxil olan müracətlərinə tərəfimizdən çevik reaksiya verilməklə təşəbbüsləri dəstəkləyirik".

Onun sözlərinə görə, ictimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, qabaqcıl texnologiyaların paytaxtda dairəsinin genişlənməsi sosial neqativ hallara qarşı mübarizənin effektivliyini artırır.

"Paytaxtda cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi sayəsində cari ilin doqquz ayında Bakı şəhər BPİ-nin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayətin açılması təmin olunub", - deyə Hacıyev vurğulayıb.