İDMAN

Gimnastımızın növbəti uğuru: Münsiflər mat qaldı

Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun melodiyası altında qurulan uğurlu rəqs nömrəsi milli koloritlə, məhz Azərbaycana məxsus milli detallarla seçildiyi uçun münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Noyabr ayının 1-dən 3-dək​ Rumıniyanın Arad şəhərində Bədii Gimnastika üzrə​​ ​"Arad Trophy – 2019" Beynəlxalq Turniri keçirilib.​ Sputnik Azərbaycan xəbər verir ki, Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarusiya, Bosnya və Hersoqovina, Serbiyadan olan müxtəlif yaş kateqoriyalı, ümumilikdə 290 gimnastın iştirak etdiyi yarışlarda Azərbaycanı Mina Abbasova təmsil edib.​

Yeni mövsümdə mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla ifasına görə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib olub. Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun melodiyası altında qurulan uğurlu rəqs nömrəsi milli koloritlə, məhz Azərbaycana məxsus milli detallarla seçildiyi uçun münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. Mina bu dəfə yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı milli ornamentlerlə zəngin idman kostyumunda qatılıb.

Qeyd edək ki, gimnastımız bu dəfə sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) aktivinə yazmağı bacarıb. Qarşıda onu Sloveniya və Lüksemburqda keçiriləcək yarışlar gözləyir.