MƏDƏNİYYƏT

On il geridə: Proqram başa çatdı, narazılıqlar isə yox

Prezidentin imzaladığı dövlət proqramı başa çatsa da, teatrşünaslar onun icrasında nöqsanlar olduğunu bildirilər
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının bu il yekunlaşdığını diqqətə çatdırıb. Lakin o, bununla işlərin bitmədiyini, teatr xadimləri ilə birgə növbəti illərin proqramını hazırladıqlarını bildirib.

Biz də geridə qalan Dövlət proqramında nə həyata keçdi və nələr icra olunmadı sualı ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri Vidadi Qafarov və teatrşünas Xəyalə Rəisə müraciət etdik.

Teatr Xadimləri İttifaqı sədr seçdi: Narazılıqsız ötüşmədi

Vidadi Qafarov öncə onu qeyd etdi ki, haqqında bəhs edilən "Dövlət Proqramı"na müstəqillik qazandıqdan sonra ölkəmizdə bütövlükdə mədəniyyətlə bağlı qəbul edilmiş ən əhəmiyyətli sənədlərdən biri kimi baxır: “Həqiqətən də bu sənədin qəbul edilməsi və onun icrası milli teatr prosesinin intensivləşməsində böyük rol oynadı. Müxtəlif beynəlxalq konfranslar, teatr festivalları, xarici qastrollar və s. dünya teatrının Azərbaycan teatr məkanına inteqrasiyasına, Azərbaycan tamaşaçısının dünya teatrı ilə müəyyən qədər tanış olmasına şərait yaratdı, eyni zamanda milli teatrımızda mövcud olan bir sıra boşluqları və problemləri də üzə çıxardı. Amma "Dövlət Proqramı"nın müddəti bu il  bitsə də bu sənəddə nəzərdə tutulan bir çox maddələr təəssüf ki, yerinə yetirilməmiş qaldı. Məsələn, “Dövlət Proqramı”nın Tədbirlər planının 2.1.-ci maddəsində nəzərdə tutulan "Teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılması" istiqamətində demək olar ki, heç bir iş görülmədi. Halbuki, bu sahədə çoxlu həllini gözləyən problemlər var. Bu, icrası 2009-2013-cü illə üçün nəzərdə tutulmuş 2.2. maddəsinə - "Teatr fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi"nə də aiddir. Xatırladım ki, bu sahədə ana sənəd olan "Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu" 29 dekabr 2006-cı il tarixində qəbul olunub və yalnız, 2016 və 2018-ci illərdə "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlara uyğun olaraq kiçik dəyişikliklərə məruz qalıb. Düşünürəm ki, Teatr haqqında Qanuna da yenidən baxılmasının vaxtı çoxdan çatıb. Çünki bu Qanun Azərbaycan teatrının gələcək inkişafı üçün təməl prinsipləri rolunu oynayır. Sonda onu qeyd edim ki, cənab Əbülfəs Qarayev Azərbaycan Teatr Xadimləri İttifaqının 14-cü konfransında teatr ictimaiyyətinin iştirakı ilə növbəti 10 il üçün yeni Dövlət proqramının işlənildiyini bildirdi, amma təəssüf ki, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri olaraq mənim bu prosesdən xəbərim yoxdur."

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?>>

Xəyalə Rəis 10 ilin böyük islahatların aparılması üçün kifayət qədər ciddi bir rəqəm olduğunu bildirdi. Onun sözlərinə görə, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuş  Dövlət Proqramında Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafı, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması və sair kimi ciddi məqamlar var: “Bu proqramda teatrın inkişaf mühiti, alternativlər üçün hər şey nəzərə alınmışdı. 10 illik proqram teatrın idarəetməsində islahatları, teatrların təmir-bərpası, kadrların hazırlanması, teatr konfranslarının keçirilməsi, beynəlxalq teatr mühitinə inteqrasiyanı nəzərdə tuturdu. Bütün bunlar milli teatrın inkişafı, teatrda keyfiyyət qədər dəyişiklik üçün hesablansa da proqramda qeyd olunan bəzi məsələlər öz həllini tapmadı. Proqram başa çatdı. Hər şey ortadadır. Düzdür, paytaxtda eləcə də bir çox bölgələrimizdə teatrlarımız təmir olundu, müasir standartlara cavab verən, yaradıcı mühit üçün hər bir şərait yaradılan teatr binalarımız var. Ancaq teatrların içərisində gedən yaradıcı mühitdə o qədər də dəyişiklik hiss olunmadı”.

Azərbaycanlılar "Bolşoy Teatr"ı fəth edəcəklər

“Xüsusən də bölgə teatrlarında vəziyyət çox acınacaqlıdır. Teatrların direktorları hər dəfə çıxışlarında hər nə qədər "Teatrımızda yaradıcı mühit yüksək səviyyədədir" desələr də, vəziyyət elə deyil. Bölgə teatrlarımızda böyük bir kollektivin yalnız 5-6 nəfəri ali təhsillidir. Digərlərinin heç diplomu belə, yoxdur. Onlar teatrların studiyalarında yetişdirdikləri özfəaliyyət aktrisalarını teatrlara cəlb edirlər. Universiteti bitirən, ya da burada hər hansı teatrda çalışan aktyorlar isə bölgə teatrlarına gedib işləmək istəmirlər. Bu 10 il ərzində bir çox rejissorlarımız xaricdə təhsil aldı, onlar geri döndükdən sonra teatrlarımızda işə cəlb olundular. Ancaq nədənsə bu islahatların içərisində bir dənə də olsun biz teatrşünasların adını görə bilmirik. Hər il Teatrşünaslıq ixtisasını 15-16 tələbə bitirir. O gənclər Universiteti bitirdikdən sonra işsiz qalırlar və məcbur olub televiziyalarda, radiolarda, ya da başqa sahələrdə işləməyə məcbur olurlar. Məgər 27 teatrı olan ölkəyə teatrşünas lazım deyil?”  - deyə teatrşünas bildirib.