CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir anlıq həzzin gətirdiyi əbədiyyət - Təbiisi bəs etmir, artıq sünisinə əl atırlar

Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri Lalei də təsdiq edir ki, narkotik istifadəçiləri arasında artım müşahidə edilir
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Artıq uzun müddətdir ki, sintetik narkotiklərdən zəhərlənmə Avropa ölkələri üçün böyük problemə çevrilib. Amma “tərəqqi” yerində durmur Bir problemdən qurtulmamış, indi də digər problem yaranıb. Hazırda Avropa ölkələrində "dizayner narkotikləri" adlı narkotik problemi ortaya çıxıb. Bu, sintetik narkotikin başqa bir adla satılması deməkdir.

Alkoqolizm müalicə olunacaq: Xəstəliyin dərmanı tapıldı

Qeyd edək ki, sintetik narkotik ən ağır narkotik sayılır. Təbii narkotikdən qurtulmaq, müalicə olunmaq nə qədər ağır olsa da, mümkündür. Sintetik narkotikdən isə qurtulmaq demək olar ki, olmur.

Bundan əlavə, təbii narkotikdən istifadə edənlər uzun illər yaşaya bilərlər. Sintetik narkotik istifadəçilərinin ömrü isə çox qısadır.

Hazırda tərkibində narkotik maddələr olan 400-ə yaxın kimyəvi maddə müəyyən edilib.

Azərbaycanda da son dövrlər narkotik doza həddini aşmadan zəhərlənmə və ölüm halları artıb. Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun sözlərinə görə, ay ərzində onlara 2-3 narkotik zəhərlənməsi ilə müraciət edən olur.

Onun sözlərinə görə, narkotik zəhərlənmə sonuncu mərhələdir. Bu mərhələdə beyin mərkəzi, sinir sistemi, ürək, ağciyər, qaraciyər fəaliyyəti pozulur: "Orqanizmdə zəif nöqtə haradırsa, fəsadlaşma orada özünü biruzə verir".

Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri Lalei Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni narkotik vasitələr psixozlar, psixatik vəziyyət yaradır: "İmmuniteti zəiflədir. Güclü xəstəlikləri, vərəm, ürək-damar xəstəliklərini oyadır".

Həkimin sözlərinə görə, bu vasitələr qısa müddətdə asılılıq yaradır. Xəstələr istədiyi effekti almaq üçün doza həddini artırmaq məcburiyyətində qalır. Buna görə də, sintetik narkotik vasitələrdən ölüm halları artır.

Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da

A.Manuçeri əlavə edib ki, sintetik narkotik vasitələr nisbətən ucuz və istifadəsi rahat olduğu üçün gənclər daha çox bu vasitələrə üstünlük verirlər: "Bu vasitələrin istifadəsi üçün iynə-şpris hazırlamaq, damar deşmək lazım deyil. Sadəcə iyləmək kifayət edir. Sintetik narkotiklər daha güclü təsirə malikdir. Və istifadə qaydası asandır".

Mərkəz direktoru da təsdiq edib ki, narkotik istifadəçiləri arasında artım müşahidə edilir: "Narkotik istifadəçiləri daha çox 15-35 yaşlı şəxslərdir. Amma onların arasında 40 yaşlılar da var".

Həkim vurğulayıb ki, doza həddinin aşılması fərdidir. Yəni, bu insanın yaşı, çəkisi, yaşadığı şərait, xəstəlikləri və s. ilə əlaqəlidir.