BAKI, 2 noyabr - Sputnik. Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
"Report"un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib - 3:1. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ikinci dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığmamız 3-cü yeri tutub. Kişilərdən ibarət yığma isə bu dəfə mükafatçılar sırasına düşməyib.
Azərbaycanın qadın şahmat millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb.