Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Təbii doğuşun ana və uşağın sağlamlığı baxımından vacib olduğu nə qədər təbliğ olunsa da, övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirənlərin sayı durmadan artır. Artıq qonşu Gürcüstan vəziyyətdən çıxış yolunu qeysəriyyə əməliyyatlarına limit qoymaqda və klinikaları cərimələməkdə tapıb. Belə ki, Gürcüstanda qeysəriyyə əməliyyatlarının sayı klinikalarda il ərzində qəbul edilən doğuşların ümumi sayının yalnız 40%-ni təşkil edə bilər. Bu tələbi pozan klinikalar 40 min laridən 360 min lariyə qədər cərimə edilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, qeysəriyyə əməliyyatının payı ölkə üzrə doğuşların 10-15%-dən çox olmamalıdır.
Azərbaycanda da qeysəriyyə əməliyyatları dəbə minib. Hətta övladının doğum tarixini öz doğum gününə təyin edərək qesəriyyə əməliyyatı etdirənlər də az deyil. Sputnik Azərbaycan ölkəmizdə qeysəriyyə əməliyyatına məhdudiyyətin hansı formada tətbiq edildiyini araşdırıb.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildib ki, hələ ki Azərbaycanda klinikalara belə bir qadağa tətbiq etməyə ehtiyac yoxdur. S.Məmmədova bildirib ki, buna səbəb Azərbaycanda doğuşayardım müəssisələrinin səviyyələrə bölünməsidir: "Ölkəmizdə doğuşayardım müəssisələri səviyyələrə ayrılıb. 1-ci səviyyəli doğuşayardım müəssisələrində doğuş vaxtı çatmış qadınlar öz övladlarını təbii yolla dünyaya gətirməlidirlər. Çünki buraya heç bir patologiyası olmayan hamilə qadınlar yerləşdirilir. 2-ci səviyyəli doğuşayardım müəssisələrində isə problemi olan qadınlar uşaq dünyaya gətirir. Bakıda belə doğuşayardım müəssisələrinin sayı 7, regionlarda isə 18-dir. Burada qeysəriyyə əməliyyatı ümumi doğuşun 15 faizi nisbətində ola bilər. Nəhayət 3 səviyyəli doğuşayardım müəssisələri var ki, burada yüksək riskli hamilə qadınlar yerləşdirilir. Burada da qeysəriyyə əməliyyatları 50-60 faiz civarında həyata keçirilir. Bundan əlavə, Azərbaycanda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi 10 təsnifat üzrə mümkündür. Tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatlarının aparılması qadağandır".
S.Məmmədova deyir ki, Azərbaycan qeysəriyyə əməliyyatına görə 53 ölkə arasında 25-ci yerdədir. Ölkəmizdə qeysəriyyə əməliyyatı 27 faiz təşkil edir.
S.Məmmədovanın sözlərinə görə, əgər ana və döldə müəyyən problemlər varsa, əsaslandırılmış şəkildə qeysəriyyə əməliyyatı etmək olar. Buna ehtiyac yoxdursa, uşaq təbii yolla doğulmalıdır. Baş ginekoloq bildirir ki, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi əvvəl keçirilən əməliyyatdakı çapıqdır.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda qeysəriyyə əməliyyatları yalnız komissiyanın qərarı, tibbi göstəriş əsasında aparılır: "Amma buna baxmayaraq, ölkəmizdə qeysəriyyə kəsiyi ilə doğuşları sayı artır. Gürcüstanda artıq icbari tibbi sığorta tətbiq edildiyindən klinikaların cərimələnməsi mümkündür. Bizdə isə bu cür qabaqlayıcı tədbirlər görmək mümkün deyil. Qeysəriyyə əməliyyatlarının aparılması ilə bağlı bizdə çox ciddi konsilium qərarı olmalıdır. Bundan əlavə, qadınlar qeysəriyyə əməliyyatlarının fəsadları barədə maarifləndirilməlidirlər ki, bu növbəti hamiləlikdə, eləcə də ananın və uşağın səhhətində müəyyən problemlərə yol aça bilər. Bununla yanaşı, həkimlər üzərində də qeysəriyyə əməliyyatlarının aparılması ilə bağlı nəzarət gücləndirilməlidir".