BAKI, 30 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı sərbəst güləşçi Turan Bayramov (65 kiloqram) son saniyələrdə qələbə qazanaraq yaşı 23-dən yuxarı olmayan gənclər arasında dünya çempionu olub.
Sputnik Azərbaycan xəbər verir ki, Budapeştdə keçirilən dünya çempionatının finalında Bayramov yaponiyalı rəqibi Takume Taniyamanı 3:2 hesabı ilə məğlub edib.
Güləşçilərin həlledici mübarizəsi dramatik alınıb: Bayramov görüşdə 0:2 hesabı ilə geridə olduğu halda, son saniyələrdə həyata keçirdiyi fəndi ilə hesabı bərabərləşdirməyə nail olub. Bu vəziyyətdə qələbə sonuncu olaraq effektiv fənd həyata keçirmiş azərbaycanlı sərbəst güləşçiyə verildi. Yaponiya komandası isə buna etiraz edib, lakin qərar Bayramovun lehinə olub və bunun sayəsində ona daha bir xal verilib.
Finala gedən yolda Bayramov kanadalı Kristofer Misaakı (3:1), moldovalı Maksim Sakultanı (3:0) və Fransanı təmsil edən İlman Muxtarovu (2:1) məğlub edib.
Azərbaycan güləşçisi Əbubəkr Abakarovun (79 kiloqram) iştirakı ilə keçirilmiş digər bir final görüşü də dramatik alınıb. Lakin görüş Azərbaycan təmsilçisinin xeyrinə alınmayıb. Abakarov gürcüstanlı Tariel Qaprindaşviliyə qarşı həlledici görüşdə dörd xal toplaya bilib, lakin Qaprindaşvili Abakarovun kürəyini yerə vuraraq mübarizəni qazanıb.
Daha iki Azərbaycan güləşçisi bürünc medal qazanıb. Üçüncü yer uğrunda döyüşdə Əfqan Xaşalov (57 kiloqram) Rusiyanı təmsil edən Ramiz Qamzatovu (5:2) məğlub edib.
İkinci bürünc medal 70 kiloqramadək çəki dərəcəsində qazanılıb. Davud İbrahimov (70 kiloqram) üçüncü yer uğrunda dueldə iranlı Əmirhüseyn Əli Hüseynidən üstün olub.
Bu arada, sərbəst güləş üzrə Azərbaycan yığması daha bir qızıl və bürünc medal qazana bilər. Belə ki, Hacımurad Məhəmmədsəidov (86 kiloqram) çempionatın finalına çıxıb. Məhəmmədsəidov finalda iranlı Kamran Qasımpur ilə qarşılaşacaq.
Şamil Zubairov (92 kiloqram) isə üçüncü yer uğrunda döyüşdə Hüseyn Şahbaziqazvar (İran) – Takumi Tanizaki (Yaponiya) cütünün qalibi ilə görüşəcək.