HADİSƏ

Qayıqdakı partlayışla bağlı cinayət işi başlandı

Yaralananlarda üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.

"Elə bildik bütün rayon havaya uçdu" - Tbilisidə binada güclü partlayış baş verib

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, oktyabrın 29-da saat 13.00 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Sursat anbarında baş verən partlayış suallar doğurur - VİDEO>>

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Tərtərdə partlayış: Ölən və yaralanan var

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Fövqəladə Hallar və Səhiyyə nazirlikləri də baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

FHN-dən verilən məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Rusiyada hərbi hissədə partlayış, əhali təcili təxliyə olunur>>

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.

Qeyd edək ki, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.