Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Bakıda "Şəfqət Nuru" Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin sığınacağından qaçan uşaq polis tərəfindən tapılaraq sığınacağa qaytarılıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Şəfqət Nuru" Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin sədri Aynur Xuduyeva məlumat verib. O bildirib ki, Birliyin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan "Nur" Uşaq Evindəki sığınacaqda saxlanılan 14 yaşlı Vlasov Fərid Ruslan oğlu oktyabrın 24-ü saat 13 radələrində sığınacaqdan qaçıb. Dünən isə hüquq-mühafizə orqanları Fəridi taparaq sığınacağa qaytarıb: "Artıq polis də bilir ki, Fərid qaçmağa meylli uşaqdır. Onun sığınacaqdan qaçmasının səbəbi də dilənməsidir. Fərid siqaret çəkir, biz isə buna icazə vermirik. Ona görə də qaçıb dilənir ki, siqaret almağa pulu olsun".
A.Xuduyeva bildirib ki, Vlasov Fərid sığınacağa bir aydır ki, yerləşdirilib:
"Fəridin atası yoxdur. Anası isə narkotik maddə aludəçisi olduğundan, polis onu bizim sığınacağa yerləşdirib. Hazırda Fəridin reabilitasiyası istiqamətində işlər davam etdirilir. Məqsədimiz Fəridin və onun kimi ata-ana qayğısından məhrum olmuş uşaqların sağlam mühitdə, tərbiyəli vətəndaş kimi böyüməsini təmin etməkdir".
Qeyd edək ki, F.Vlasovun qaçması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.