BAKI, 26 oktyabr — Sputnik. Kiprin sabiq prezidenti Yorqos Vasiliunun Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerə bağışladığı vaza hərracda satılıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə "Filelefteros" qəzeti məlumat yayıb.
Nəşrin kiprli sənətşünas, qədim Kipr keramikası üzrə mütəxəssis Mariya Pafitiyə istinadən verdiyi xəbərə görə, Tetçerə hədiyyə edilən qədim vaza "Christie's" hərracında bu ilin mayında 6 min funt-sterlinqə satılıb. Onun başlanğıc qiyməti isə 1000 funt-setrlinq təyin edilib. Onun sözlərinə görə, vazanı hərraca Tetçer ailəsinin, yoxsa Dauninq-stritin çıxardığı bəlli deyil.
Sabiq prezidentin xanımı Andrulla Vasiliu qəzetə müsahibəsində bildirib ki, vaza baş nazirə hədiyyə edildiyindən, onun fikrincə, elə Dauninq-stritdə qalmalı idi.
"Biz xanım Pafitidən vazanın hərraca çıxarılması xəbərini eşidəndə ərimlə çox kədərləndik", - A.Vasiliu deyib.
O, həmçinin bildirib ki, dövlət başçılarına bu cür hədiyyələr həmişə Qədimi Əşyalar Departamentinin razılığı ilə edilib və adətən, həmin əşyalar unikal dəyərə malik olmayıb.
Pafiti də hesab edir ki, bu əşya Böyük Britaniyanın baş nazirinin kolleksiyasında qalmalı imiş. "Bu satılmamalıdır. Çünki rəmzi hədiyyədir. Bu, Kipr xalqına hörmətsizlik problemidir", - sənətşünas deyib.