Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 25 oktyabr — Sputnik. Dünya əhalisinin sayı artmaqda davam etsə də, bir çox ölkələr ciddi demoqrafik problemlər yaşayırlar. Bu ölkələrdə ailələrdə uşaq olmur, ən yaxşı halda isə ailədə 1 və ya 2 uşaq doğulur. Bu da əhalinin təbii azalmasına gətirib çıxarır.
Adətən hökumətlər demoqrafik böhranın qarşısını almaq üçün ailələri ən müxtəlif yollarla daha çox uşaq doğulmasına həvəsləndirilər. Bu gün bəzi ölkələrdə çoxuşaqlılığa görə yüksək müavinətlər, statuslar verilir.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Statistikaya nəzər salsaq, görərik ki, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu da 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. 2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb. Ölkə əhalisinin sayının 2005-ci illə müqayisədə 2018-ci ildə xeyli artdığını da (müvafiq olaraq nikahların sayı da artıb) nəzərə alsaq, yeni doğulan uşaqların sayının ciddi şəkildə azaldığını (faiz etibarilə) görə bilərik.
Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi>>
Bu rəqəmlər ailələrdə uşaq doğulmasının sayının azalmasını deməyə imkan verir. Ailələrdə çoxuşaqlılıqla bağlı durumun necə olması haqda dəqiq tam fikir söyləmək isə mümkün deyil. Çünki Dövlət Statistika Komitəsindən müvafiq sualımıza cavab olaraq bildirildi ki, 2019-cu ilin 1-10 oktyabrında aparılan əhalinin siyahıyaalınması ilə bağlı nəticələr hazır deyil. Ailədə uşaqların sayı ilə bağlı siyahıyaalınmanın nəticələri 2021-ci ildə açıqlanacaq.
Sonuncu, yəni 2009-cu ilin rəqəmləri isə Azərbaycanda ailələrin 30.1 faizinin 1, 40.3 faizinin 2, 19.9 faizinin 3, 9.7 faizinin isə 4 və daha çox uşaqlı olduğunu deyir.
Millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailələrdə çoxuşaqlılığın olması hökumət üçün prioritet məsələ hesab edilməlidir: "Ölkənin demoqrafik göstəriciləri təhlükəsizliyin əsası hesab edilir. Hər bir dövlət əhali artımına nail olmağa çalışır. Təbii ki, belə bir addımın atılması həm də keyfiyyətli təkliflərlə müşahidə edilməldir. Məsələn, bunun üçün insanlar müxtəlif xidmətlərdən yararlanmalı, ehtiyacları isə qarşılanmalıdır. Bu yolla dövlət də gələcək üçün arzuolunan kadr ehtiyatlarını əldə edə bilər".
"Ümumilikdə, ölkədəki vəziyyəti qiymətləndirsək, Azərbaycanda ötən illərdə atılan müəyyən addımlara nəzər salınmalıdır. Düzdür, son zamanlar uşaq pulunun niyə ləğv olunması ilə bağlı müəyyən diskussiyalar gedir. Onun ləğvinin ehtiyacı olan ailələrdə gələcəkdə övladların dünyaya gəlməsinin qarşısını aldığı deyilir. Əlbəttə, bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac var", - deyə o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, 1 və 6 uşaqlı ailələrlə bağlı dövlətin fərqli sosial ödəmə mexanizmləri var və onlar güclüdür. O bildirir ki, çoxuşaqlılığı stimullaşdırmaq üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilə bilər: "Bunun üçün imkanlar da çoxdur. Bunun üçün bizdən fərqli olaraq demoqrafik artımı aşağı olan ölkələrin modellərini araşdırıb, onları uyğunlaşdıraraq Azərbaycanda reallaşdırmaq mümkündür. Çoxuşaqlı analara müxtəlif imtiyazlar, ödənişlər etmək, biznes planlarında onların iştirakını, maraqlarını nəzərə almaq da ola bilər".
"Düşünürəm ki, hökumətin müvafiq strukturları bu məsələni geniş müzakirələrə çıxara bilərlər. Gənc ailələr, millət vəkilləri də bu cür müzakirələrdə iştirak edə bilərlər", - deyə həmsöhbətimiz əlavə edib.
O bildirir ki, əhali artımı məsələsi hökumət üçün hər zaman birinci pillədə dayanmalıdır: "Lakin onu da qeyd edim ki, əhalisi sürətlə artan ölkələr sosial göstəricilərə görə heç də ön pillələrdə dayanmırlar. Hətta belə bir fikir var ki, sosial şəraiti ağır olan ölkələrdə əhali artımı daha çoxdur. Ailələrin say tərkibinin artması üçün yerinə yetiriləcək proqramlara daha çox indekslənmək lazımdır. Bunun üçün hətta müqayisəli təhlillər də vermək olar".
"Nəzərə almalıyıq ki bu gün ölkənin hərbi təhlükəsizliyi həm də ailələrin çiynindədir. Çünki bu övladlar sabahın əsgərləri, döyüşçüləridirlər", - deyə o əlavə edib.
Bir az da tarix və dünya təcrübəsi. Çoxuşaqlı ailələrin, ümumilikdə doğumların sayının artırılması üçün Finlandiyanın Lestijarvi ərazi bələdiyyəsi tərəfindən maraqlı addım atılıb. Belə ki, burada hər doğulan uşaq üçün birdəfəlik olaraq 10 min avro, aylıq olaraq isə müəyyən müddətə qədər 100 avro verilir. Bu addım nəticəsində ötən il ərzində həmin ərazidə yeni doğulan uşaqların sayı son 7 illə müqayisədə 2 dəfəyə yaxın qalxıb.
Qeyd edək ki, SSRİ-də “Qəhrəman ana” medalı 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilib. Burada məqsəd isə müharibə dövrü olsa da, əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması qeyd olunub. Bununla da beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.