BAKI, 24 oktyabr — Sputnik. "Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün Nazirlərin Hazırlıq toplantısı çərçivəsində işimizin sonuna gəldik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Nazirlərin Hazırlıq Toplantısındakı yekun nitqində bildirib.
"İnteraktiv müzakirələr zamanı biz maraqlı çıxışları dinlədik və bu müzakirələr bir daha əyani şəkildə göstərdi ki, Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Sizinlə razılaşdırdığımız hərtərəfli sənədlərdə bu baxımdan bir neçə vacib məqam yer alır.
Bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər vacibdir və bu dəyərli çərçivəni qorumaq bizim məsuliyyətimizdir.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir. Bu hörmətli Hərəkatın sədrliyini üzərimizə götürməkdən və onun qarşıdan gələn uğurlarına töhfəmizi verməkdən qürur duyuruq. İnanırıq ki, bu Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik.
Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi qurmağa kömək edəcəkdir.
Bununla da, nəticə sənədlərinə verdiyiniz dəyərli töhfələrə və interaktiv debatda fəal iştirakınıza görə bir daha hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, Bakı Zirvəsi tarixdə ən uğurlu zirvə görüşlərindən biri kimi həmişə yadda qalacaq", - XİN başçısı vurğulayıb.