BAKI, 23 oktyabr — Sputnik. Bakıda "O Səs Türkiyə" beynəlxalq vokal layihəsində iştirak etmək üçün gənc ifaçılar arasında seçim keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, iki gün ərzində Azərbaycandan 200-dən artıq ifaçı müsabiqədə iştirak üçün ərizə verib. İştirakçıların çıxışları artıq yazılıb və onların içindən ən yaxşıları Türkiyədə seçiləcək.
Bundan sonra təşkilat komitəsi öz seçimini edəcək. Azərbaycanlı iştirakçılar türk ifaçılar Murad Boz, Seda Sayan, Hadisə və Bəyazit Öztürkdən ibarət münsiflər heyətinin qarşısına çıxacaqlar.
Azərbaycandan yalnız iki ifaçı Türkiyədə vokal müsabiqəsində iştirak etmək hüququ qazanacaq.
"O Səs Türkiyə" televiziya vokal şousu "The Voice" orijinal formatının türk versiyasıdır. Digər istedad şoularından fərqli olaraq, bu layihə bütün musiqi janrlarında və müxtəlif dillərdə mahnı ifa etməyi bacaran universal solistlərin axtarışına hədəflənib. Türk müğənni Ebru Gündəşin komandasının üzvü olan azərbaycanlı müğənni Elnur Hüseynov 2014-cü ildə bu layihənin qalibi olub.