MƏDƏNİYYƏT

Azərbaycanlı dizaynerlər moda həftəsində moskvalıları heyran qoydular - FOTO

2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanlı dizaynerlər Aynur Əliyeva və Leyli Zalova Moskvada 2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsində yeni kolleksiyalarını təqdim ediblər.

Sputnik Azərbaycan-a bu barədə dizaynerlər özləri məlumat veriblər.

Aynur Əliyevanın hər obrazının əsasında məşhur polka-dot naxışlı, mürəkkəb qırçın və büzmələrdən ibarət çoxyaruslu geyimlər durur. İncə beli vurğulayan bant və işləməli ikiqat kəmərlər isə yeni yaz-yay kolleksiyasının obrazlarına qadın zərifliyi bəxş edib.

Leyli Zalovanın geyimləri isə zərif bədənin konturlarını vurğulayır. Mürəkkəb işləmələr, tikmələr, korsetlər, yarımşəffaf seksual detallar ultrazərif qadınlıq və cazibədarlıqla çulğalaşır.

Azərbaycanlı dizaynerlər moda həftəsində moskvalıları heyran qoydular - FOTO

Moda həftəsində həmçinin Koreya, İspaniya, Belçika, Çin, Livan və digər ölkələrdən olan dizaynerlər də öz geyimlərini nümayiş etdiriblər.

Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir. Moda həftəsi RF Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının himayəsi altında ildə iki dəfə - apreldə və oktyabrda keçirilir.