BAKI, 20 oktyabr — Sputnik. ABŞ-ın hərbi qüvvələri Suriyanın şimal-şərqindəki Hasake əyalətindən hərbçilərini çıxardıqdan sonra oradakı öz aviabazasını məhv edib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə SANA məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ hərbi-nəqliyyat təyyarələrinin uçuş-enmə zolağının quraşdırıldığı Kleyb bazasını bombalayıb.
Baza Tel-Baydarda, kürd döyüşçüləri ilə türkiyəyönümlü qüvvələr arasında döyüşün getdiyi Tel-Tamar şəhərinin yaxınlığında yerləşir.
Amerika hərbçiləri həmçinin Hasake əyalətində Əs-Sabee bəndinin yanındakı bazadan çıxmağı da planlaşdırırlar.
ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatar aparırlar.
Bu il oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.
Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.