İQTİSADİYYAT

Ən "sadiq" xəstəliyə qarşı radikal qərar - reklamı yığışdırılır, vergisi artır

"Əgər qonşu ölkələrdə həmin məhsulların qiyməti bizimkindən bir neçə dəfə aşağı olarsa, bu amil həmin məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsinə stimul verə bilər"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Sinqapurda şəkərlə mübarizə aparmaq üçün meyvə şirələri və şəkərli içkilərin reklamı qadağan edilir. Buna səbəb isə son illər ölkədə şəkər xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının artması göstərilib.

"Made in Azerbaijan" vs. "Made in China": Azərbaycan məhsulları Çini necə fəth edir

Qadağa isə yalnız ənənəvi mediaya deyil, eyni zamanda onlayn mediaya, küçələrdə vurulan müxtəlif reklam bannerlərinə də şamil ediləcək. Bundan başqa, bu cür məhsulların bazara çıxarılmasına təşviqi azaltmaq üçün onların istehsalı ilə məşğul olan hüquqi şəxslərin üzərinə yüksək vergilərin qoyulacağı da bildirilib. Burada isə məqsəd istehsal qabiliyyətinə malik olan şirkətlərin marağını insan səhhəti üçün zərərli olan istehsal sahələrindən digərlərinə yönəltməkdir.

Sinqapur bu layihəni reallaşdırmaq üçün Böyük Britaniya və Meksika təcrübəsindən faydalanıb. Lakin Sinqapurdan fərqli olaraq Böyük Britaniya və Meksikada nəinki şəkərli içkilərin, meyvə şirələrinin, o cümlədən yüksək kalorili və şəkərli qidaların reklamına da qadağa qoyulub.

Sinqapur hökuməti tərəfindən atılan bu addıma ilk reaksiya verən "Coca-Cola" şirkətindən isə bildirilib ki, onlar bu ölkəyə idxal edəcəkləri məhsullarda şəkərin miqdarını azaldacaqlar.

Ziyanı xeyrini yüz dəfə üstələyir, amma reklamı da "xod" gedir>>

Göründüyü kimi, artıq bir çox ölkələr şəkər xəstələrinin say artımının qarşısını almaq üçün SOS siqnalı çalır. Çünki bu gün dünyada şəkər xəstələrinin sayı 415 milyondur. Hər 11 şəkər xəstəsindən biri isə yeniyetmədir. Bundan başqa, diaqnoz qoyulmayan şəkər xəstələrinin sayının da az olmadığı vurğulanır. 2040-cı ilədək isə dünyada şəkər xəstələrinin sayının 642 milyona çatacağı proqnozlaşdırılır.

Azərbaycanda ötən il ilk dəfə şəkər xəstəsi diaqnozu qoyulan insanların sayı 24 min 774 olub. Daha öncəki illə müqayisədə rəqəmlərdə nisbətən azalmalar olsa da, 2000-ci illə müqayisədə artım qeydə alınıb. Belə ki, 2017-ci ildə Azərbaycanda şəkər xəstələrinin ümumi sayı 24 min 881, 2000-ci ildə bu rəqəm 5 min 792, 2005-ci ildə isə 9 min 825 olub.

Maraqlıdır, Sinqapurdakı kimi qanun layihəsinin Azərbaycanda qəbuluna zərurət varmı?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvi İlham Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında şəkərli içki və qidalarla bağlı bir sıra problemlərə toxunub: "Şəkər xəstəliyi bir çox başqa narahatlıqların, eləcə də ürək, qan-damar sistemləri və böyrək xəstəliklərinin yaranmasında əsas zəmin rolu oynayır.

Ölkə büdcəsində şəkər xəstələri üçün nəzərdə tutulan vəsaitin hər il artırılması nəzərdə tutulur. Lakin düşünürəm ki, ayrı-ayrı maarifləndirici metodların olması, o cümlədən də ölkədə bu cür içkilərin reklamının qadağan olunması müsbət tendensiya kimi dəyərləndirilə bilər".

Kədəri nəşəsindən artıq olan “nemət”: Həyatımızı fərqli yanaşma xilas edər

O, energetik içkilərin reklamı ilə bağlı məsələyə də toxunub: "Energetik içkilər şirələr və şəkərli içkilərlə müqayisədə insan orqanizminə çox zərərlidir. Çünki onlar da şəkər xəstələrinin sayının artmasına təsir edən amillərdəndir. Eyni zamanda şirniyyat məhsullarının tərkibində palma yağından çox geniş istifadə olunması da onkoloji və bir çox digər xəstəliklərin yaranmasına səbəb ola bilir. Bundan başqa, bir detalı qeyd etmək istəyirəm: bu gün Amerika kimi inkişaf etmiş ölkələr var ki, onların əhalisi piylənmədən əziyyət çəkir. Əsas səbəb isə fast-fud və şəkərli içkilərdən bol istifadə etmələridir. Ümumiyyətlə, bu məsələyə kompleks yanaşsaq, deyə bilərəm ki, insan sağlamlığına ziyan vuran bütün məhsulların reklamının qadağan olunması, məhdudlaşdırılması və ziyanları haqda maarifləndirici işlərin aparılmasını təqdirəlayiq hesab edirəm".

İ.Məmmədov bildirir ki, bu gün bəzi ölkələr şirniyyatlarda palma yağından istifadəni azaldıb, bəzilərində isə bu rəqəm tamamilə sıfıra endirilib. Millət vəkili buna misal olaraq İtaliya təcrübəsini göstərib.

Bəs bu məhsullara yüksək verginin tətbiqi ölkəyə, eləcə də cibimizə necə təsir edəcək? Bu sualı isə iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb: "Belə məhsulların reklamının qadağan olunması və onlara yüksək vergilərin tətbiqi ilə bağlı artıq dünyada bir təcrübə formalaşıb. Yüksək kalorisi və ziyanlılığı ilə seçilən içkilərə bu cür qadağalar tətbiq edilir. İqtisadi təşviq yolu ilə insanları bu cür ziyanlı məhsullardan uzaqlaşdırmağa çalışırlar. Düşünürəm ki, Azərbaycanda bu praktikaya keçid mümkündür. Bunun üçün sadəcə olaraq mütəxəssis rəyinə ehtiyac var".

"Gömrük və vergi rüsumunun artırılması da məqbul yollardan biridir. Lakin bu zaman da bir neçə amili nəzərdən qaçırmamaq lazımdır. Əgər qonşu ölkələrdə həmin məhsulların qiyməti bizimkindən bir neçə dəfə aşağı olarsa, bu amil həmin məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsinə stimul verə bilər. Ona görə də gömrük rüsumları və vergilər dəyərləndirilərkən qonşu ölkələrdəki bazar qiymətlərinə də nəzər yetirmək lazımdır", - deyə mütəxəssis əlavə edib.

N.Cəfərli bildirib ki, bu cür məhsulların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi büdcəyə ziyan vuracaq: "Belə olan halda büdcəyə daxilolmalar azalacaq və qeyri-leqal bazar inkişaf edəcək. Lakin qaçaqmalçılığın qarşısını almaqla belə bir addım atılarsa, yəni vergilər təyin olunarsa, o zaman bir neçə milyon əlavə vəsaitin büdcəyə daxil olması mümkün olacaq".