CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanı qarış-qarış gəzən amerikalı – Onu ABŞ-dan gətirən səbəb var

"Azərbaycandan ABŞ-a gedərək orada yaşamaq arzusunda olanlar var. Amma ABŞ-da elə adamlar tanıyıram ki, azərbaycanlıların sahib olduqları dəyərlərə sahib olmaq istəyirlər" - Meri Metyus
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Ölkəmizə gələn əcnəbilər Azərbaycan təbiətinə də, mətbəxinə də, incəsənətinə də valeh olduqlarını gizlətmirlər. Budəfəki həmsöhbətimiz, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda KÜR II H2Otel Suya Qənaət Mükafatları layihəsi (Kür çayı hövzəsi boyunca İnteqrasiya olmuş Su Resursları İdarəçiliyinin İnkişafına dair layihə) üzrə baş texniki məsləhətçisi, amerikalı ekspert Meri Metyus da onlardan biridir. 

İki milyon əcnəbidən seçilən azərbaycanlı: "Üç il sonra maaşı qaytarırlar"
Sputnik Azərbaycan-ın əməkdaşı onunla fəaliyyəti və Azərbaycanla bağlı təəssüratlarını öyrənib:

- Öncə Keniyadan ABŞ-a gedən marşrut haqda danışaq.

- 1965-ci ildə Keniyada doğulmuşam. Lakin bir müddətdən sonra ailəm ABŞ-a köçməyə qərar verdi. Öncə ABŞ-ın Ohayo ştatına köçdük və 21 yaşımadək burada yaşadıq. Bizim Corciya ştatında qohumlarımız olduğu üçün sonradan ailəlikcə ora köçdük.

- Bir neçə təhsil almısınız. İstəyərdim bu haqda məlumat verəsiniz.

Azərbaycanı qarış-qarış gəzən amerikalı – Onu ABŞ-dan gətirən səbəb var

- İlkin ixtisasım mədəni antropologiya ilə bağlı olub. Sonradan biologiya elmi üzrə də ixtisaslaşdım. Magistr təhsilim isə politologiya elmi üzrə olub. Bundan başqa, ekologiya sahəsində də ixtisaslaşaraq magistr səviyyəsində biliklərə yiyələnmişəm. Doktorantura müdafiə üçün isə politologiyada ekoloji yanaşmalar mövzusuna həsr olunmuşdu.

- Cənubi Qafqazı öyrənməkdə daha çox maraqlı olmusunuz. Bildiyim qədər, 1992-ci ildən etibarən artıq bu istiqamətdə araşdırmalara başlamısıniz.

- Təhsil aldığım illərdə Cənubi Qafqazı daha çox araşdırmağa çalışırdım. Bu müddətdə xüsusən də Azərbaycan və Gürcüstanı daha çox araşdırırdım. Elə bu səbəbdən də doktorantura dissertasiyam həm Qara dəniz, həm də Xəzər dənizi sahillərində mövcud ekoloji problemlərə həsr olunmuşdu. Azərbaycanla ilkin tanışlığım isə 1992-ci ilə təsadüf edir. O vaxtdan bəri bu ölkə haqda davamlı olaraq nələrisə oxuyur, araşdırıram. 

Azərbaycanlı qadınlar daha çox bu əcnəbilərlə nikaha maraq göstərirlər
Artıq 27 ildir ki, bu istiqamətdə nələrisə araşdırıram, Azərbaycan mənim üçün doğmalaşıb. Bura sanki mənim evim, ikinci vətənimdir. Azərbaycan mənim üçün ABŞ qədər doğmadır.

- Nə zamandan Azərbaycandasınız?

- 2000-ci ildən Azərbaycandayam. Azərbaycanla bağlı bir dissertasiya işim də olub. Mövzum isə təxmini olaraq belə idi: nə üçün ölkələr Beynəlxalq Ətraf Mühit razılaşmasına qoşulmaq istəyir? Bu dissertasiya ilə əlaqədar olaraq müəyyən araşdırma aparmışdım.  Qara dənizin və Xəzər dənizinin ətraf mühit proqramı haqda müəyyən məlumatlar var idi. Hansı  ki, Qara dənizin ətraf mühit proqramından sonra Buxarest razılaşması əldə olunmuşdu. Xəzər dənizinin ətraf mühit proqramından sonra Tehran konvensiyası bağlanmışdı. 2001-ci ildən etibarən isə Azərbaycanda məsləhətçi kimi çalışıram.

- Davamlı olaraq H2OTEL Su İsrafının Qarşısının Alınması Mükafatı layihəsi ilə əlaqədar Bakıdasınız. Demək olar ki, artıq 3 ildir...

- Artıq uzunmüddətli olaraq Azərbaycanda yaşamağa başlamışam. Bu da mənim H2Otel layihəsində baş məsləhətçi kimi çalışmağımla əlaqədardır. Burada özümü evimdə yaşayırmış kimi hiss edirəm. Azərbaycan dilində bir qədər anlaya bilsəm də, amma bu sahədə biliyim mükəmməl deyil.

- Azərbaycan sizin üçün nəyi ilə fərqlənir?

- Azərbaycanda ən çox sevdiyim şey insanların çox istiqanlılığı və onlarda yumor hissinin yüksək olmasıdır. Burada insanların qürur hissindən də çox təsirlənmişəm. Bundan başqa, azərbaycanlıların çox qonaqpərvər olduğunu da deyə bilərəm. Onların qapıları, süfrələri hər zaman açıq olur. Yadımdadır, hələ o zamanlar antropologiya üzər təhsil alanda müxtəlif mədəniyyətlərin nə qədər qonaqpərvər və səxavətli olması haqda öyrənirdim. 

Gündəmi zəbt etmiş alman turist: "Bakı məndə çox böyük təəssürat yaratdı"
Təhsil aldığımız müddətdə bizə Qafqaz xalqlarının çox səxavətli olduğu haqda məlumat verirdilər. Burada yaşadığım vaxtda əyani olaraq bunun şahidi oldum.

- Bəs, Azərbaycan haqda öncə eşitdiklərinizlə, gördükləriniz arasındakı fərq nədir?

- Azərbaycanın təbiəti də çox valehedicidir. Məncə çox adamlar Azərbaycanın bu gizli qalan gözəlliyindən xəbərsizdir. Mən Azərbaycanda ancaq Quba və Lənkəranda olmamışam. Bu yerlərdən başqa Azərbaycanı qarış-qarış gəzmişəm. Hər rayonun bir başqa gözəlliyi var. 2004-2005-ci illərdə Neftçaladan Qazaxadək bir səyahətim oldu. Bundan başqa, həmin illərdə ilk dəfə olaraq Balakənə də səfər etdim, ora çox gözəl idi.

- Bu illər ərzində Azərbaycanda hansı irəliləyişlərin şahidi olmusunuz?

- Ümumiyyətlə, son illərdə Azərbaycan neft sənayesindən başqa digər sahələrdə sürətli inkişaf edir. Məsələn, bura ərzaq və su təhlükəsizliyini, enerji və ətraf mühit təhlükəsizliyi kimi sahələri misal çəkmək olar. Hökumət tərəfindən bu sektorlar lazımınca idarə edilir. Lakin neftlə zəngin olan digər ölkələrdən fərqli olaraq dayanıqlı inkişaf yolunda daha da davamlı addımlayır və müəyyən uğurlara nail olur. Düşünürəm ki, buradakı insanlar daha çox fürsət və imkanlara sahibdirlər. Onlar bu imkanlardan həm özlərini, həm də ölkələrini gücəndirmək üçün istifadə edə bilərlər. Bilirəm ki, Azərbaycandan ABŞ-a gedərək orada yaşamaq arzusunda olanlar var. Amma ABŞ-da elə adamlar tanıyıram ki, azərbaycanlıların sahib olduqları dəyərlərə sahib olmaq istəyirlər. Məsələn, dərin mədəni hisslərə, cəmiyyətdəki bağlılıq hissinə sahib olmaq istəyərdilər.

Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

- Burada ailənizlə birgə yaşayırsız, yoxsa onlar Amerikada qalıblar?

- Burada həyat yoldaşım, itim və dörd pişiyimlə yaşayıram. Pişiklərimin 3-nü Gürcüstanda olarkən götürmüşəm. Onlardan biri isə Azərbaycandan tapdığım pişikdir. Hətta bir müddət öncə pişiklərimdən birini öz anamın yanına – Amerikaya göndərmişəm.

- Digər ailə üzvləriniz necə, Azərbaycana gəlirlərmi?

- Anam ötən il Bakıya gəlmişdi. O burada 6 həftə qalmağı planlaşdırsa da, Azərbaycanı çox sevdi və 5 aydan artıq  qaldı. Gələn ay isə oğlum Azərbaycana gələcək. Məncə o da buranı çox sevəcək.

- Layihə bitəndən sonra necə, burada qalacaqsınız?

- Bu haqda dəqiq bilmirəm.