BAKI, 16 oktyabr — Sputnik. Almaniyanın avtomobil sənayesi nəhəngi "Volkswagen" Suriyada həyata keçirilən əməliyyatın fonunda Türkiyədə zavod tikintisi ilə bağlı qərarın qəbul edilməsini təxirə salıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Handelsblatt" nəşri şirkətdə olan mənbəyə istinadən yayıb.
Məlumata görə, "Volkswagen" bir neçə ay ərzində İzmir şəhəri yaxınlığında zavod tikilməsi üçün danışıqlar aparıb. Lakin hazırda Türkiyənin Suriyadakı əməliyyatının başlamasından sonra avtonəhəng zavodun tikintisi haqqında sazişə imza atmağa elə də tələsmir.
"Vəziyyəti çox ehtiyatla izləyirik", - "Volkswagen" şirkətinin rəsmisi "Handelsblatt" nəşrinə deyib.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.
Elə həmin gün Türkiyə aviasiyası Ras əl-Əyn şəhərinə və iki ölkə sərhədində yerləşən digər Suriya şəhərlərinə hava zərbələri endirib.