TƏHLİL

Suriyada Türkiyə əməliyyatı: hamı Ərdoğana qarşı

Amerikalı müttəfiqləri faktiki olaraq Türkiyənin əməliyyat keçirdiyi ərazilərdən qaçdıqdan sonra, Suriya kürdləri özlərini xəyanətə uğramış kimi hiss etməyə başladılar və Suriya Ərəb Respublikasının qanuni hökuməti ilə razılaşmaya getməyə məcbur oldular
Sputnik

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 16 oktyabr — Sputnik. Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh bulağı" hərbi əməliyyatı başlayandan bir həftə sonra bir qədər ara versə də, artıq Pentaqonu və NATO-nu sarsıdıb, Suriya cəmiyyətini böyük dərəcədə konsolidasiya edib və bölgədə əhəmiyyətli geosiyasi dəyişikliklərin başlanmasına təkan verib.

Ərdoğan Putinə zəng etdi, Suriya məsələsində razılığa gəldilər

Türk qoşunları döyüşə-döyüşə irəliləyib, Suriyanın şimal-şərqində bir neçə yaşayış məntəqəsini tutub və rəsmi Ankaranın məlumatlarına görə, kürd birləşmələrinin 595 üzvünü zərərsizləşdirib. Kürdlərin məlumatına görə isə onlar türklərin 7 tankını və 75 əsgərini məhv ediblər. Hərbi əməliyyatların bitmə vaxtını proqnozlaşdırmaq çətindir.

Amerikalı müttəfiqləri faktiki olaraq Türkiyənin əməliyyat keçirdiyi ərazilərdən qaçdıqdan sonra, Suriya kürdləri özlərini xəyanətə uğramış kimi hiss etməyə başladılar və Suriya Ərəb Respublikasının (SƏR) qanuni hökuməti ilə razılaşmaya getməyə məcbur oldular.

Dəməşq və kürd rəhbərliyi 13 oktyabrda birgə müdafiə əməliyyatları üçün Suriya hökumət qüvvələrinin Türkiyə ilə sərhəd boyunca yerləşdirilməsinə dair razılığa gəliblər. Ertəsi gün SƏR ordusu əvvəllər Pentaqon bölmələrinin (ümumilikdə 1000-ə yaxın hərbi qulluqçu) yerləşdiyi kürdlərin nəzarətində olan Menbic, Tabka, Haseke, Kamışlı və digər yaşayış məntəqələrinə girib.

Suriyanın şimal-şərqindəki sərhəd bölgələrində çətin əməliyyat vəziyyəti qalmaqdadır, burada eyni vaxtda Türkiyə və Suriyanın hökumət qoşunları, kürd yaraqlıları, müxtəlif qəbildən olan muzdlular və ABŞ koalisiyasının "neytral" üzvləri mövcuddur. Türk mərmilərindən biri Amerika qoşunlarının yerləşdiyi yerin yaxınlığında partlayıb. Bu fonda Rusiya Federasiyası və ABŞ-ın baş qərargah rəisləri arasında iki həftə ərzində iki dəfə telefon danışığı olub.

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlar regionumuza nə verəcək?

Sanksiyalar da silahdır

Əvvəlcə Ankara, Suriyanın şimal bölgələrini Amerika silahları ilə yaxşıca silahlanmış türk-kürd birləşmələrindən təmizləmək niyyətində idi. Çünki Türkiyə tərəfinin fikrincə, bu birləşmələr Türkiyənin cənub-şərq vilayətlərini təhdid edir. Plana əsasən, gələcəkdə türk qoşunları Suriya-Türkiyə sərhədi boyunca 30 kilometr dərinliyində (SƏR ərazisində) olan 480 kilometrlik təhlükəsizlik zonası yaratmalı və hazırda Türkiyədə olan 4 milyon suriyalı köçkünün 2 milyonunu ora köçürülməli idi. Kağız üzərində hər şey hamar idi, ancaq yarğanları qeyd etməyi unutmuşdular. Kürdlər sərt müqavimət göstərirlər. Ankara özünün Suriya əməliyyatlarında NATO-nun dəstəyinə ümid edirdi, amma alyans üzvləri yekdilliklə "Sülh bulağı" əməliyyatını "dostcasına" qınadılar.

ABŞ antitürk sanksiyaları elan etdi. Amerika Prezidenti Donald Tramp "Türkiyə iqtisadiyyatını məhv etmək"lə hədələdi. Pentaqonun rəhbəri Mark Esper "Türkiyənin kobud hərəkətlərinə cavab olaraq kollektiv və fərdi diplomatik və iqtisadi tədbirlər"in anonsunu verdi.

Eyni zamanda amerikalılar Yaxın Şərqdən geri çəkilirlər. ABŞ Prezidenti Donald Tramp 14 oktyabrda Suriyadan hərbi kontingenti "əsaslı şəkildə geri çəkdiyini" bəyan elədi. Hətta Suriya hökumət qoşunlarının avtomobil kolonları Menbic və Kobani şəhərləri arasındakı yolda geri çəkilən ABŞ əsgərləri ilə qarşılaşdı. Müharibə bölgəsini amerikalıların hamısı tərk etməyib və eyni gündə Pentaqon rəhbəri Mark Esper Fox News-a verdiyi müsahibədə ABŞ ordusunun Suriya və Türk orduları arasında "tələyə düşdüyünü" bildirib.

Bu arada Fransa xüsusi təyinatlı qüvvələrinin, yüzlərlə hərbçinin qanunsuz şəkildə Suriya ərazisində olduğu ortaya çıxıb. Bu məlumatı "La Tribune" qəzeti Yelisey Sarayındakı mənbəyə istinadən yayımlayıb. Beləliklə, Parisin Türkiyə hərbi əməliyyatına verdiyi emosional reaksiyanın səbəbi aydın görünür. SƏR-də lazımi qüvvə və vasitələrə sahib olmayan Fransa, Türkiyənin əməliyyatını dayandırmaq niyyətində olduğunu bildirib. Reallıqda isə yalnız Fransız silahlarının Ankaraya ixracını dayandırmaq və "faciəvi humanitar nəticələr" barədə spekulyasiya etmək mümkün olub. Sanki Yaxın Şərqdə əvvəllər nümunəvi bir nizam var idi və ərəb qaçqınlar Luvr yaxınlığındakı parkda çadır qurmurdular.

Suriya əməliyyatı alman avtonəhənginin Türkiyədəki planlarını poza bilər

Bütün bunlara baxmayaraq, Ankaraya beynəlxalq təzyiqlər artır. London silah ixracı üçün lisenziyaların verilişini dayandırıb. Berlin Türkiyə ordusu üçün yeni müdafiə məhsullarının tədarükünə icazə verməkdən imtina edib. ABŞ və digər NATO ölkələrinin təhdid və şantajlarına baxmayaraq, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandırmaq ehtimalı yoxdur.

Prezident Rəcəb Tayyib Ərdoğan birbaşa deyib ki, Qərb dövlətlərinin hər hansı iqtisadi sanksiyalarına, yaxud hərbi embarqolarına baxmayaraq, Türkiyə öz planlarından (terrorizmlə mübarizədən) geri çəkilməyəcək. Daha əvvəl isə bu bəyanatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirmişdi.

Proqnoz

Rusiya prezidentinin xüsusi təmsilçisi Aleksandr Lavrentyev qeyd edib ki, Moskva Türkiyənin hərbi əməliyyatlarını yolverilməz sayır. Lakin Rusiya müşahidəçi və vasitəçi mövqeyini tutur. Oktyabrın 13-də Suriya hökuməti və kürd hərbi birləşmələrinin ("Demokratik Suriya Qüvvələri" alyansı) nümayəndələrinin Rusiyanın Xmeymim aviabazasında görüşlər keçirməsi təsadüfi deyil. Müsbət nəticə göz qabağındadır, lakin Fərat çayının arxasında vəziyyət qeyri-müəyyən olaraq qalır və koalisiyalar qeyri-sabitdir.

Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsi sədrinin müavini Vladimir Cabbarov deyib: "Bir neçə il əvvəl Suriya kürdləri birmənalı şəkildə Amerika Birləşmiş Ştatlarına tərəf meylləndilər, onların tam dəstəyindən istifadə etdilər və onların müttəfiq olduqları aydın oldu. İndi vəziyyət dəyişib, amerikalılar, yumşaq desək, onları tərk ediblər. Kürdlər Türkiyə ordusu ilə üz-üzə qalıblar ... Rusiya heç bir tərəfdən qarşıdurmada iştirak edə bilməz."

Ərdoğan Bakıda Suriyadakı əməliyyatdan danışdı – Böyük bir ərazini işğaldan azad etmişik

Suriya "Muxtar Kürdüstan"ının başqa bir problemi terrorçu qrupların əsir yaraqlılarıdır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyanın şimal-şərqində kürd birləşmələrinin nəzarətində olan bölgədəki yeddi müvəqqəti saxlama düşərgəsində 14,650 hərbçi var. "The New York Times" qəzetinin məlumatına görə, bu gün müharibə bölgəsində Rusiyada və bir sıra başqa ölkələrdə qadağan edilmiş "İslam Dövləti" terror təşkilatına əsir düşmüş və təslim olmuş 13 min tərəfdar var: onların 11 mini suriyalı və iraqlı, 2 mini isə 50 müxtəlif ölkələrdən olanlardır.

Bundan əvvəl kürdlər SƏR-in şimal-şərqində təxminən 850 hərbçinin qaçdığını elan etmişdilər. Hərbi əməliyyatlar fonunda bu kimi hadisələrin təbii bir şəkildə təkrarlanacağını fərz etsək, bu bölgəni yeni bir terror dalğasının bürüyəcəyini təxmin edə bilərik.

Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması mümkündür və hələ də obyektiv mövcud hərbi-siyasi ətalət, müharibənin potensialı və maddi-texniki bazası SƏR-in şimal-şərqindəki döyüşləri kifayət qədər uzun və qanlı inkişafla təmin edəcək. Gələcək üçün nikbinliyə əsas verən yeganə şey, Türkiyənin Suriya sərhədlərini dəyişdirməyən iki oxşar qarşıdurma (antiterror qarşıdurması) təcrübəsinin olmasıdır.