Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 oktyabr — Sputnik. Televiziyalarda süni mayalanma mərkəzlərinin reklamı ilə bağlı monitorinq keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. O, bildirib ki, hazırda telekanallarda süni mayalanma, dərman vasitələrinin reklamı ilə bağlı monitorinq aparılmır. Amma A. Hacıyev artıq telekanallara bununla bağlı xəbərdarlıq göndərildiyini söyləyib: " Azərbaycanda "Reklam haqqında" qanunun tələbinə əsasən süni mayalanmanın reklamı qadağandır. Bu qanunun 29-cu maddəsi Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına həsr olunub. Bu maddənin 29.5 bəndində göstərilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Ona görə də, süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib".
A. Hacıyev bildirib ki, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə, "Xəzər TV" MMC-yə, "İctimai Televiziya ve Radio Yayımları Şirkəti"nə, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Şirkəti'nə, "ARB" Televiziyasına, "Dünya" Televiziyasına və "Qafqaz" Televiziyasına monitorinqin aparılacağı barədə məktub ünvanlayıb.
Aparat rəhbəri qeyd edib ki, qanunla həkim resepti olmadan buraxılan dərman vasitələri barədə yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək yolverilməzdir: "Həmçinin sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə qismində təqdim etmək də qanunla qadağandır. Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına da yol verilmir".
MTRŞ səlahiyyətlisi qeyd edib ki, bu qanunun tələblərinə əməl etməyən telekanallar İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimə ediləcək.