VİDEO

İşığı ilk qarşılayan kənd – dağlar qoynunda yerləşən Ləzə

Qusarın Ləzə kəndinə çatmaq heç də asan iş deyil. Oktyabr ayından aprelə qədər qara bürünən bu kənd dağın ortasında yerləşir desək, yanılmarıq. Sputnik Azərbaycan-ın çəkiliş komandası son qarsız günlərdən istifadə edərək, bu guşəni öz gözləri ilə görmək qərarına gəlib.
Sputnik

Bakıdan 210 kilometr məsafədə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən Ləzə Azərbaycanın ən  ucqar kəndlərindən sayılır. Ləzgi dilində Latsar adlanır, “laz” ləzgicə ağ mənasını daşıyır. Bir fərziyyəyə görə, kənd oktyabr ayından aprelə qədər qara, yaz aylarında isə ağ güllərə büründüyünə görə Latsar, yəni “Ağlar” adlanır. Ləzə kəndinin sakinlərindən birinin dediyinə görə isə kənd günün işığını ilk qarşılayan guşə olduğuna görə belə adlandırılıb.

Vacib qazıntı işlərinə başlanılıb – Tapıntılar böyük tarixi aşkara çıxaracaq

Hal-hazırda kənddə 25-ə yaxın ev var. Öz aralarında ləzgicə danışan ləzəlilər həm Azərbaycan, bəzən də rus dilində danışa bilirlər. Maldarlıq, qismən əkinçilik və arıçılıqla məşğul olurlar. Son zamanlar Şahdağ yerli turizm mərkəzlərindən birinə çevrildiyinə görə mövsümi iş tapmaq imkanı da yaranıb. Sakinlərin çoxu yay aylarında öz evlərini kirayə verir.

Müasir dünyanın təklif etdiyi bütün imkanlar bu kəndə sanki hələ gəlib çatmayıb. Burada internet, qaz, aptek, tibb məntəqəsi, kənd avtobusu yoxdur. Azuqəni də Qusardan və ya yaxınlıqdakı kəndlərdən almalı olurlar, çünki kənddə bircə balaca mağaza var. Qaz olmadığından da evləri isitmək üçün odun  yerinə təzəkdən istifadə edirlər.

Bizə maraqlı gələn cəhətlərdən biri kənddə, demək olar ki, uşaq və yeniyetmələrin olmamasıdır. Bunun da səbəbi olduqca sadədir. Kənddə bircə məktəb var, orada da ikicə ibtidai sinif müəllifi işləyir. Siniflərdə isə 2-3 nəfərdən çox şagird olmur. Buna görə də ləzəlilərin çoxu uşaqları kənddən kənarda, Qusar şəhərində və ya digər kəndlərdə oxutmalı olur.

“Şəhərdən” gəlmiş insanlar kimi, düşündük ki, əhalinin çoxu məktəbdən sonra buraya qayıtmaz. Axı internetsiz bir yerdə kim yaşamaq istəyər ki? Amma özümüz də orada bir gün keçirdikdən sonra getmək istəmədiyimizi nəzərə alsaq, məktəbdən, universitetdən, əsgərlikdən sonra kəndə geri qayıdanları çox yaxşı başa düşməyə başladıq. Özünüz düşünün, hər səhər yuxudan oyananda gördüyünüz ilk mənzərə sizi dörd tərəfdən əhatə edən möhtəşəm dağlardır.

Qusarlı qızın həyat hekayəsi: "Bir-iki saat əl-ayağımı hiss etmirdim" - FOTO

Kəndin ən ilginc cəhətlərindən danışarkən: buraya çatmaq üçün keçməli olduğumuz sıldırımlı yollar nə qədər təhlükəli və qorxunc görünsə də, bir o qədər möhtəşəm mənzərəsi ilə bizi heyran edirdi. Maşını hər iki addımdan bir saxlayır, dağların verdiyi enerjini, təmiz havanı içimizə çəkmək istəyirdik.

Fikrimizcə, Ləzə şəhərin stressini, yorğunluğunu atmaq üçün məkan kimi mükəmməl seçimdir. Buranın havasından udub, pendirindən yeyib, dağlarında gəzişəndən sonra kim bilir, bəlkə, bizim də yanaqlarımız azca da olsun qızarmağa başladı?