CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqası hər zərrəsindən milyonlar qazanardı, biz isə qədrini bilmirik

Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov deyir ki, dünyanın bir sıra ölkələrində belə rəngli göllər var. Bu tip göllər turistlərdə böyük maraq oyadır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Türkiyənin ikinci böyük gölü olan Tuz gölü son zamanlar daha çox turistin marağına səbəb olub. Buna səbəb su hövzəsinin çəhrayı rəngə çevrilməsidir. Çəhrayı göl yüksək nisbətdə duz ehtiva etdiyi üçün bölgədəki insanlar tərəfindən Duz gölü olaraq adlandırılır. Həmin göl xarici turistlərin sözügedən əraziyə marağını artırıb.

"Duzlu göl" yaxınlığında qəza, Avtomobil yoldan çıxaraq aşdı

Qeyd edək ki, Azərbaycanda da çəhrayı rəngi, füsunkar fərqli gözəlliyi olan Duz gölü var. Türkiyədən fərqli olaraq, Azərbaycandakı Duz gölü payız aylarında da bu möhtəşəm görünüşünü qoruyub saxlayır. Bu Duz gölü Abşeron yarımadasında, Masazır kəndinə yaxın ərazidə yerləşir. Bu baxımdan Azərbaycana gələn turistlərin həmin gölə getmək imkanı daha realdır.

Sputnik Azərbaycan-ın əməkdaşı Masazırda yerləşən Duz gölündə olaraq bu gölün turizm baxımından əhəmiyyətini araşdırıb.

Öncə qeyd edək ki, Masazırdakı Duz gölündən "Azərbaycan Duz İstehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyəti xammal məqsədilə istifadə edir. Duz gölü bu səbəbdən də metal tor ilə hasara alınıb. Ərazidə olarkən öyrəndik ki, göldən xammal kimi istifadə edildiyindən, Duz gölünə əhalinin girişinə icazə verilmir. Gölün yaxınlığında duz istehsalı zavodu yerləşir. Göldən yığılan duz da bu zavodda istehsal olunur.

Başqası hər zərrəsindən milyonlar qazanardı, biz isə qədrini bilmirik

Duz zavodunun əməkdaşı Ruslan Allahverdiyev Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, gölə çəhrayı rəng verən duzlu, xloridli və yüksək konsentrasiyalı sulfatdır. Suda duzluluq səviyyəsi yüksək olduğundan göldə bitki və fauna aləmi yoxdur. Bu göldən 1813-cü ildən bu yana mütəmadi olaraq duz çıxarılır.

O ki qaldı Masazır Duz gölünün həm də turizm məqsədilə istifadə olunmasına, zavodun direktoru Nəbi Zeynalzadə bildirib ki, artıq gölə turistlər tərəfindən maraq müşahidə olunur: "Masazır Duz gölündən duz istehsalında xammal kimi istifadə olunduğundan, biz gölə mal-heyvanın, insanların girişini məhdudlaşdırmışıq. Amma bu göl Azərbaycan xalqının təbii sərvətidir. 

Göl də yaxşıdır, qiymətlər də - dövlət narazı, vətəndaşlarsa razı
Artıq bu Duz gölü xarici turistlərin də marağına səbəb olub. Çindən və digər ölkələrdən Azərbaycana gələn turistlər gölə baxmaq üçün bizə müraciət ediblər. Onlara Duz gölünə baxmaq üçün şərait yaradılıb. Bu yaxınlarda bizə Yaponiyadan gələn bir qrup turistin Duz gölü ilə maraqlandığı barədə müraciət daxil oldu. Biz həmin müraciətə də müsbət cavab verdik. Qeyd etdiyim kimi, Duz gölü Azərbaycanın sərvəti olduğu üçün bu gölün turizm baxımından istifadəsinə qadağa yoxdur".

Duz gölündə olduğumuz müddətdə orada turist müşahidə etməsək də, turizm ekspertləri gölün turizm potensialının böyük olduğunu söyləyirlər.

Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov deyir ki, dünyanın bir sıra ölkələrində belə rəngli göllər var. Bu tip göllər turistlərdə böyük maraq oyadır: "Qərbi Afrikada yerləşən Retba gölü, Avstraliyadakı Hillier gölü, Türkiyədə Tuz gölü, Kanadada Dusty Rose gölü bu tip göllərdəndir ki, hər il oraya yüz minlərlə turist üz tutur. Bu cür qeyri-adi göllər sırasında, Azərbaycandakı Masazır Duz gölünün də adı var. Amma təəssüf ki, biz bu gölün turizm potensialından az istifadə edirik. Buna da səbəb Masazır Duz gölünün turizm aspektindən təbliğ edilməməsidir. Amma belə qeyri-adilik axtaran turistlər getdikləri ölkələrdə səfər etmək üçün maraqlı məkanlar axtarır. Bizim tur şirkətləri ölkəmizə səfər etmək arzusunda olan turistlərə Duz gölünü görmək imkanı da yarada bilərlər. Bu göl vasitəsilə turistlərdə hətta Azərbaycana gəlmək üçün maraq da oyadıla bilər".

Başqası hər zərrəsindən milyonlar qazanardı, biz isə qədrini bilmirik

M.Ağakərimov deyir ki, Azərbaycanda Masazır Duz gölü ilə yanaşı füsunkar və qeyri-adi gözəlliyə məxsus göllər çoxdur. Həmin göllərin də turizm baxımından təbliği zəruridir: "Zığda yerləşən Duz gölü də termal turizm məqsədilə istifadə edilə bilər. Əsrlər boyu o göldən insanların şəfa tapmaq məqsədilə istifadə edilməsi faktı göstərir ki, belə göllərdən istifadə vacibdir. Həmçinin Azərbaycanda qeyri-adi gözəlliyə məxsus Göy Göl, Maral göl, Sakit göl kimi göllər, Acınohur gölü, Batabat gölü kimi gözəlliyi ilə seçilən göllər var. Həmin göllərin turizm baxımından təbliği çox vacibdir. Bu, Azərbaycana turist axınını da artıra bilər".

Qeyd edək ki, suyunun minerallaşmasına görə Masazır Duz gölü şor sulu göllər qrupuna aiddir. Suyun ion tərkibində xloridlər və sulfatlar üstünlük təşkil edir. Ona görə də, göl çəhrayı rəngi ilə insanların marağına səbəb olur.