SƏHİYYƏ

"Oktyabrın sonundan kəskin respirator virusların yayılma ehtimalı olacaq"

"Belə olan halda, xəstə şəxsin səhhəti daha da ağırlaşır. Hərarət olmadan işə getdikdə isə mütləq şəkildə maska taxmaq lazımdır" - Cəlal İsayev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. "Payızın gəlişi, havaların soyuması ilə əlaqədar olaraq bu ayın sonu, gələn ayın əvvəlindən etibarən yəqin ki, kəskin respirator virusların yayılma ehtimalı olacaq. Artıq buna hazır olmalıyıq. Bu viruslardan qorunmaq üçün ilk növbədə qidalanmaya, fəsilə uyğun olaraq geyinməyə fikir verməliyik. Müxtəlif qarışıq qidalardan imtina etmək, keyfiyyətli qidalara üstünlük vermək lazımdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında respublikanın baş infeksionsti Cəlal İsayev deyib.

Qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı nazirlikdən açıqlama

Baş infeksionistin sözlərinə görə, xəstəliyin yayılmaması üçün xəstə olan şəxsin qapalı mühitdə qalması, bəzi qaydalara riayət etməsi vacibdir: "Xəstəliyin yayılmaması üçün şəxsi gigiyena qaydalarına əməl etmək, maskalardan istifadə etmək lazımdır. Bundan başqa, xəstə şəxslərin bağçaya, məktəbə, işə buraxılması yolverilməzdir. İctimai yerlərdən bacardıqca uzaq olmaq lazımdır".

Baş infeksionistin sözlərinə görə, yüksək hərarətlə işə getmək olmaz: "Belə olan halda xəstə şəxsin səhhəti daha da ağırlaşır. Hərarət olmadan işə getdikdə isə mütləq şəkildə maska taxmaq lazımdır".

Hazırda ölkədəki vəziyyətin stabil olduğunu deyən C.İsayev hələlik heç bir ciddi xəstəliyin yayılmadığını söyləyir.