BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.
Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim.
Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir.
Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.
Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti "Holcim" Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.
Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.
Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz çərçivəsində növbəti addımlar atılacaqdır.
Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.
x x x
İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene FURNİYE dedi:
-Çox sağ olun, cənab Prezident. Əvvəla, biz Sizin ölkənizə minnətdarıq ki, bizi və nümayəndə heyətimizi səmimiyyətlə qəbul edir. Əlbəttə ki, bu gün səhər-səhər Sizin tərəfinizdən qəbul olunmaqdan böyük şərəf hissi duyuruq. Həmçinin hesab edirik ki, bu, aramızda olan əməkdaşlığı dərinləşdirmək üçün yaxşı bir fürsətdir.
Əlbəttə ki, mənim səfərimin məqsədinin digər bir hissəsi bizim Azərbaycan parlamenti ilə olan əlaqələrimizin daha da təkmilləşdirilməsi və gücləndirilməsindən ibarətdir.
Əslində hesab edirik ki, bu, həmçinin iki xalq arasında da böyük bir yaxınlaşmanın əlamətidir. Çünki bilirik ki, hazırda Azərbaycan öz Dövlət Neft Şirkəti vasitəsilə biz isveçrəlilərin gündəlik həyatında daha yaxından iştirak etməyə başlayıb.
x x x
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, dövlətimizin qaçqın və köçkünlərin sosial problemlərinin həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd etdi.
İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizdə inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirdi.
Görüşdə Azərbaycanla İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə təsisatları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olundu.