HADİSƏ

Quba və Qusarda meşələri qıran dəstə saxlanılıb

Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə respublikanın meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib. 

Nazirliyin icazəsini "səhv" başa düşdülər, cəzaları ağır oldu

Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağacların oduncaqları aşkar olunub. Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.

Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Qeyd edək ki, Quba Qusar rayonları ilə yanaşı, respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.