CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizdən neftçilər təxliyə edildi

E.Kazımov hava şəraiti ilə bağlı 150 işçinin təxliyə edildiyini bildirsə də, dənizdə hələ neftçilərin qaldığını söyləyib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar dənizdən 150 işçi təxliyə edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin əməkdaşı Elçin Kazımov məlumat verib.

Xəzərdə fırtına olacaq, dalğaların hündürlüyü 5,5 metrə çatacaq

O bildirib ki, güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə ediliblər. E.Kazımov hava şəraiti ilə bağlı 150 işçinin təxliyə edildiyini bildirsə də, dənizdə hələ neftçilərin qaldığını söyləyib. O qeyd edib ki, bütün neftçiləri təxliyə etmək mümkün deyil. Çünki hər-hansı qəza baş verərsə, bunu aradan qaldırmaq üçün dənizdə mütəxəssis olmalıdır: "Buna görə də, zəruri sahələrdə dənizdə növbətçilik təmin edilib. Neft-qaz yataqlarında növbətçi gəmilər, FHN-nin yanğından mühafizə gəmiləri növbə çəkir".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək şimal-qərb, şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5-3,5 metr, sonrakı inkişafda 3,5-5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.