İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr - Sputnik. Goranboy rayonunda qəribə təbiət hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qızılhacılı qəsəbə sakini Sehran Qurbanovun həyətində açmaqda olan qızılgül butasının içindən başqa bir gül çıxıb. Gül həvəskarı olan ev sahibi belə bir hadisəylə ilk dəfə qarşılaşdırğnı bildirib.
“Bu gülü 3 il əvvəl Qubada yaşayan qohumlarımın həyətindən gətirmişəm. Ötən il çəhrayı gül açmışdı, bu il qırmızı qönçə kimi açdı, sonradan isə açmağı dayanaraq içindən başqa bir gül çıxmağa başladı”.
Ev sahibi gülü gətirdiyi qohumları ilə əlaqə saxlasa da, onlar belə bir halla qarşılaşmadıqlarını deyiblər.
Məsələ ilə bağlı suallarımızı cavablandıran bioloq Səlminə Yusibova bunun təbiətdə baş verən anormal dəyişiklik olduğunu bildirib. Onun sözlərinə görə, insan müdaxiləsi ilə yaranan növlərdə bu daha çox baş verir.
“Təbiətdə təbii halda yalnız bir qızılgül var ki, o da itburnudur. Qalan bütün qızılgül növləri insan müdaxiləsilə yaranıb. Bu səbəbdən müdaxilə olunmuş bitkilərdə belə halların rast gəlmək mümkündür. Bu hal əsasən bitkinin yaz vaxtı aldığı istinin, suyun, mineralların təsirilə baş verən təbii sıçrayışdır” - Yusibova bildirib.