CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Könlü striptiz istəyən kluba getməli olacaq - Teleməkana yeni qadağa gəlir

Bu məsuliyyət sanksiyasında da qeyd edilib ki, telekanallar tərəfindən yetkinlik yaşına çatmayanların zərərli informasiyalardan qorunması ilə bağlı tələb pozularsa və o halda MTRŞ bu pozuntunu aşkarlayarsa, inzibati protokol tərib edərək müvafiq məhkəməsinə göndərilir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 1-dən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qüvvəyə minir. Bu Qanuna uyğun olaraq gələn ildən televiziya kanalları yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsinə hazır olmalıdır. Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq.

Bəs görəsən, telekanallar qanunun bu tələbinə hazırdırlarmı?

Azərbaycanda çəkiləcək serial həkimlərimizi tərifləyəcək

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Televiziya və radio yayımı haqqında" qanunun xüsusi tələbinə əsasən MTRŞ tərəfindən hələ 2006-cı ildə yetkinlik yaşına çatmayanların zərərli informasiyalardan qorunması barədə xüsusi qaydalar hazırlanıb. Həmin qaydalarda nələrin axşam saat 11:00-dan sonra və səhər saat 07:00-ə dək yayımlanmasına icazə verildiyi öz əksini tapıb: "MTRŞ tərəfindən "Televiziyalar Haqqında" qanuna əsasən bu qaydalar işlənib hazırlanıb. Hal-hazırda televiziya məhsulları ilə bağlı yaş məhdudiyyəti artıq tətbiq edildiyindən, yeni qüvvəyə minəcək qanunun tətbiqində də heç bir problem ortaya çıxmayacaq. Əvvəl necə işləmişiksə, yenə də elə işləyəcəyik. Eyni zamanda, yetkinlik yaşına çatmayanlarla bağlı qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsində də məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyət sanksiyasında da qeyd edilib ki, telekanallar tərəfindən yetkinlik yaşına çatmayanların zərərli informasiyalardan qorunması ilə bağlı tələb pozularsa və o halda MTRŞ bu pozuntunu aşkarlayarsa, inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilir. Bunun da nəticəsində telekanala 5 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur".

N.Cavadov ona görə də, 2020-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək qanunun tətbiqində heç bir çətinlik olmayacağını bildirib. O həmçinin bildirib ki, MTRŞ normativ xarakterli akt tərtib edən orqandır. N.Cavadov bu qanunun tələbinin pozulmasına görə bir neçə dəfə telekanallara cərimə və xəbərdarlıqların olunduğunu söyləyib. O bildirib ki, müəyyən filmlər, seriallar da saat 11:00-dan səhər saat 7:00-a qədər verilə bilər: "Ədəbsiz sözlərin və görüntülərin yer aldığı, striptiz səhnələrin olduğu seriallar və kinolar axşam saat 11:00-dan sonra verilə bilər".