SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Qarabağ"ın oyununda təxribata görə səfirə tapşırıq verildi

Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. "Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib. Oyun zamanı naməlum şəxslər dron vasitəsilə qondarma “Dağlıq Qarabağ respublikasının” bayrağını stadion üzərində uçurublar.

“Qarabağ”ın oyunçularının etirazı nəticədə oyun bir müddət dayandırılıb, hakim futbolçuları meydandan çıxarıb.

Lüksemburq idman naziri baş verənlərə görə üzr istəyib və bunun Lüksemburq hökumətinin mövqeyi olmadığını bildirib.